“Şanlı zəfərimizin əbədiləşdirilməsi istiqamətində lazımi addmlar atılır” – Deputat

Pərvin Kərimzadə,

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın incisi olan  Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı.
Hazırda işğaldan azad edilmiş ərazilərimizdə möhtəşəm quruculuq işləri həyata keçirilir. Eyni zamanda, şanlı zəfərimizin əbədiləşdirilməsi istiqamətində də lazımi addmlar atılır. Bu baxımdan, iyulun 31-də Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamın imzalanması da müstəsna əhəmiyyət kəsb edir. Sərəncama əsasən hər il 26 avqust – Laçın şəhəri günü, 4 oktyabr – Cəbrayıl şəhəri günü, 17 oktyabr – Füzuli şəhəri günü, 20 oktyabr – Zəngilan şəhəri günü, 25 oktyabr – Qubadlı şəhəri günü, 8 noyabr – Şuşa şəhəri günü, 20 noyabr – Ağdam şəhəri günü, 25 noyabr – Kəlbəcər şəhəri günü kimi ölkəmizdə təntənəli şəkildə qeyd olunacaq. Əlbəttə ki, bu Sərəncamın tarixi, mənəvi və rəmzi mənası müstəsna əhəmiyyət kəsb edir. Vaxt var idi ki, xalqımız 30 ilə yaxın müddətdə bu şəhərlərin Ermənistan tərəfindən işğal olunması günlərini böyük acı ilə qeyd edirdi. Bundan sonra isə hər il həmin şəhərlərin işğaldan azad olunma günlərini təntənəli şəkildə qeyd edəcəyik. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.
Avqustun 26 Laçında Şəhər günü böyük coşğu və təntənə ilə qeyd olundu. Bayram tədbirində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı xüsusilə əlamətdar oldu. Dövlətimizin başçısı çıxış edərək bayram münasibətilə xalqımızı, laçınlıları təbrik etdi, eləcə də mühüm mesajlar verdi. Laçının strateji önəmi, burada həyata keçirilən quruculuq işləri barədə fikirlərini bölüşüb, həmçinin Ermənistanın havadarlarının çirkin kampaniyalarına münasibət bildirib. Cənab Prezident Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını ərazi bütövlüyümüzün tam bərpası kimi səciyyələndirib. “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçirilən tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir. Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır. “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu məntəqənin yaradılması ilə Ermənistanın Qarabağ separatçılarına silah sursat göndərilməsinin də qarşısı alınıb. Cənab Prezidentin dediyi kimi, Azərbaycan haqq yolundadır və bizim iradəmizə heç kim təsir edə bilməz. Bu gün Laçın yenidən qurulur, Laçına həyat qayıdır. Bundan sonra xalqımız bu torpaqlarda əbədi olaraq firəvan yaşayacaq!