Azərbaycanda ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi məqsədilə atılan addımların nəticələri və gələcək perspektivləri barədə Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli   açıqlama verib. O, ölkəmizdə səhiyyə xidmətlərinin inkişafında mühüm addımların atıldığını qeyd edib.

Deputatın sözlərinə görə, əvvəllər poliklinik xidmətlər, uşaq poliklinikaları, qadın məsləhətxanaları və rayonlardakı tibb məntəqələri ilkin səhiyyə xidmətinin əsas elementləri olub, həmçinin Sovet dövrü və müstəqilliyin ilk illərində ilkin səhiyyə xidməti təşkil edilirdi: “İcbari tibbi sığortanın tətbiqi ilə Yevlax və Mingəçevirdə başlanmış pilot layihələr, səhiyyə sistemində yeni yanaşmaların və təkmilləşmələrin başlanğıcı olub. Bu çərçivədə, ailə sağlamlıq mərkəzləri yaradılmağa başlanıb və burada ailə həkimləri ilkin səhiyyə xidmətlərini göstərib”.

Müşfiq Məmmədli xüsusən Yevlax rayonunda ailə sağlamlıq mərkəzinin çox ciddi uğurlar qazandığını vurğulayıb: “İcbari tibbi sığortanın tətbiqi ilə digər bölgələrdə də, o cümlədən böyük şəhərlərdə, ailə həkimliyi institutu formalaşmağa başlayıb. Lakin ailə həkimlərinin hazırlanması məsələsində müəyyən çətinliklər yaşanıb. Bu səbəbdən, bəzi hallarda pediatrlar, ginekoloqlar və terapevtlər ailə həkimi kimi fəaliyyət göstəriblər. Nəticədə, müraciət edən vətəndaşlar üçün bir neçə mərhələli, uzun müddət və məkan məsafəsi tələb edən prosedurlar meydana çıxıb. Böyük şəhərlərdə, xüsusən Gəncə və Sumqayıtda, bu problemlər daha çox hiss olunub. Bu uğurlar və eyni zamanda yaşanan çatışmazlıqlar, səhiyyə sisteminin yükünü artırıb”.

Deputat bildirib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) ilə birgə bu proseslər təhlil edilib və yeni bir modelin tətbiqi məqsədilə mənfi cəhətlər analiz olunub: “Bunun nəticəsi olaraq, artıq Bərdə rayonunda yeni bir pilot layihə həyata keçirilir”.

Deputat, bu pilot layihənin nəticələrinə əsaslanaraq, ilkin səhiyyə xidmətində aparılacaq yeni islahatların daha da irəliləyəcəyini və səhiyyə sistemindəki təkmilləşmələrin davam edəcəyini qeyd edib.


media-ads-728x90

Bənzər xəbərlər