Sektor müdiri: “Ölkəmiz etibarlı şəkildə öz enerji siyasətini həyata keçirir və bunlar ABŞ tərəfindən etiraf edilir”

“ABŞ Prezidenti Co Baydenin Bakı Enerji Həftəsi münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubun məğzinə nəzər yetirəndə rəsmi Vaşinqton üçün Bakının qlobal və regional məsələlərdəki rolunun nə qədər yüksək olduğunu anlamaq olur”. 

Bayden istər tədbir iştirakçılarına, istərsə dövlət başçımıza ünvanladığı məktubda açıq bəyan edir ki, 30 ildən artıq bir dövrdə Azərbaycan və Amerika Birləşmiş Ştatları transmilli təhlükələrlə mübarizədən inklüziv iqtisadi inkişafa qədər möhkəm tərəfdaşlıq yaradıb. Bu tədbir ölkələrimizin təhlükəsiz və təmiz enerji ilə bağlı gələcəyə birgə sadiqliyini vurğulayır. Azərbaycan bu səylərin həyata keçirilməsində vacib rol oynayır. Azərbaycan təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə yardım etməkdədir – buraya Cənub Qaz Dəhlizi daxil olmaqla, Orta dəhlizin inkişafı və enerji çevikliyini gücləndirən enerjinin şaxələndirilməsinin artırılması daxildir.

ABŞ lideri bu fikirlərlə bir daha Azərbaycanın nə qədər əhəmiyyətli bir tərəfdaş, etibarlı dövlət olduğunu və Prezident İlham Əliyevin yürütdüyü siyasətin, gördüyü işlərin Vaşinqtonda da təqdir edildiyini növbəti dəfə nümayiş etdirir.  Co Baydenin də qeyd etdiyi, 30 illik bir tarixə malik diplomatik münasibətlər hər iki dövlətin qarşılıqlı əlaqələrdə maraqlı olmasından xəbər verir. Bu isə hazırkı reallıqlar prizmasından siyasi, iqtisadi, humanitar məsələlərlə bağlı müzakirələri aktuallaşdırır. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə regionda yeni siyasi-iqtisadi reallıqlar formalaşdırdı ki, bu da Azərbaycanın qalib ölkə olaraq öz torpaqlarını işğaldan azad etməklə yanaşı, bölgənin gələcək inkişafının təhlükəsizliyi məsələsini də gündəmə gətirməsində önəmli rol oynadı.

Baydenin məktubunun sonunda qeyd edilən “Biz gələcək nəsillər üçün Cənubi Qafqazda sülhün və rifahın təşviqinə kömək göstərəcək ədalətli və dayanıqlı sülhü dəstəkləməyə davam edəcəyik” fikirləri də bir daha düşünməyə əsas verir ki, artıq ABŞ da Azərbaycanın 3 il əvvəl yaratdığı yeni geosiyasi reallığı qəbul edir, bölgədə “Dağlıq Qarabağ” adlı münaqişənin yoxluğu ilə barışır və çox yaxşı anlayır ki, bu amil Cənubi Qafqazın iqtisadi inkişafı üçün yeni perspektiv vəd etməkdədir.

Burada ortaya çıxan digər maraqlı məqam isə ondan ibarətdir ki, ABŞ qlobal iqtisadi əməkdaşlıqda Azərbaycanın rolunun daha da möhkəmlənməsi üçün mühüm addımlar ata bilər. Bakıya bu istiqamətdə ən böyük yardım sülh sazişinin imzalanması, Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasında və təhlükəsizliyinin qarant altına alınmasında Ermənistana edilən təzyiqlərin artması istiqamətindədir. Ağ Evdə  yaxşı anlayırlar ki, bölgədə sabitlik hökm sürmədiyi müddətdə hər hansı bir iri iqtisadi layihələrin icrasının yaxın perspektivdə baş verməsinə ümidlər də azalır. Ona görə ABŞ üçün də Azərbaycanla Ermənistan arasında davamlı sülhün yaxın perspektivdə imzalanması məsələsi prioritet məsələlərdən biri hesab edilə bilər.

Elman Nəsirov “Yəqin ki, Qüdsdə şəhid olaram” ifadəsinə aydınlıq gətirdi |  KONKRET

 Elman Nəsirov 

Deputat Elman Nəsirov  bildirdi ki,  bu məktubun mətni ilə tanış olduqdan sonra bir daha Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında atılmış addımların, görülmüş işlərin Vaşinqton tərəfindən diqqətlə izlənildiyinə və təqdir olunduğuna əminlik yaranır: “Xüsusilə də rəsmi Vaşinqton Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirir. İlk dəfədir ki, sadəcə, enerji təhlükəsizliyi deyil, həm də ”Yaşıl enerji” ilə bağlı Azərbaycanın potensialına, imkanlarına, atdığı addımlara öz yüksək qiymətini ifadə edir. Bu kontekstdə həm də Cənub Qaz Dəhlizinin adı çəkilir, Orta dəhlizin inkişafı ilə bağlı ilə məsələlər qeyd olunur, enerjinin şaxələndirilməsi siyasətinə toxunulur. Məlum olduğu kimi, Azərbaycanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Rusiya-Ukrayna müharibəsi fonunda enerji təhlükəsizliyi məsələləri böyük məna və əhəmiyyət kəsb edir. Bu baxımdan, Azərbaycan Avropa İttifaqı üçün yeni alternativ enerji mənbəyi kimi qiymətləndirilir. Bütün bu reallıqlar dünyanın fövqəldövlətinin prezidenti tərəfindən vurğulanır və bu həqiqət etiraf edilir, Azərbaycanın bu istiqamətdəki siyasəti yüksək qiymətləndirilir. Məktubda diqqətdən yayınmayan əsas məsələlərdən biri də onunla bağlıdır ki,  qanunun aliliyinin təşfiqinin və Azərbaycan xalqı üçün imkanların artırılmasına yönəlmiş islahatların həyata keçirildiyi dönəmdə ABŞ-ın yanında olacağı fikri vurğulanır. Deməli, rəsmi Vaşinqton qanunun aliliyi istiqamətində Azərbaycan dövlətinin rəhbərinin apardığı siyasəti və eyni zamanda xalqın mənafeyi yolunda aparılan islahatları diqqətlə izləyir, qiymətləndirir. Bu, çox mühüm məsələdir. Məktubun sonunda həm də bir məqam da var ki, burada Co Bayden gələcək nəsillər üçün Cənubi Qafqazda sülhün və rifahın təşfiqinə kömək göstərəcək dayanıqlı, ədalətli sülhü dəstəkləməkdə davam edəcəyini qeyd edir. Bu, tamamilə Azərbaycanın mənafeyinə cavab verən mövqedir. Çünki Azərbaycan ədalətli mövqedədir, həqiqi sülh istəyir. Azərbaycan bu istiqamətdə əməli addımlar da atır. Məktub Azərbaycanın ABŞ üçün əhəmiyyətinin daha da artdığını göstərir. Məktubda bir sıra fikirlər isə Azərbaycanın yaratdığı geosiyasi reallığın qəbul edilməsi anlamına da gəlir. Eyni zamanda “Dağlıq Qarabağ” adlı münaqişənin yoxluğu ilə ABŞ-ın da barışdığını bu məktub göstərir. ABŞ Azərbaycanla strateji tərəfdaş olduğunu növbəti dəfə təsdiqləmiş oldu”.

İlyas Hüseynov: “İranda 35 milyondan çox soydaşımız daim təqiblərə məruz  qalır” | 1news.az | Xəbərlər

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov isə bildirdi ki, Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayır və bu rolun getdikcə güclənməkdə olduğunu Vaşinqton görür: “Eyni zamanda Qərb müstəvisində də Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı planlarına çox müsbət yanaşma var. Neft-qaz hasilatı ilə bağlı Azərbaycana qoyulan sərmayə də elə Qərb dünyasını təşkil edir. Bu xüsusda Bakı Enerji Həftəsi çərçivəsində ABŞ Prezidentinin İlham Əliyevə  göndərdiyi məktubda bir sıra detallar diqqət çəkir. Məktub regionda və dünyada yaranan geosiyasi reallıqlara əsasən Azərbaycanın artan nüfuzu ilə bir başa olaraq səciyyələnir. Digər tərəfdən, Cənubi Qafqazda sülhün, əməkdaşlığın, təhlükəsizliyin və sabitliyin yaranmasına böyük ehtiyac olduğu da məktubda əksini tapır. Baydenin məktubunda “Dağlıq Qarabağ” adlı münaqişənin yoxluğu xüsusi diqqət çəkir və ABŞ fərqindədir ki, Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşıb. Eyni zamanda nəqliyyat sahəsində də çox yaxşı imkanlar var. Orta dəhliz və Zəngəzur dəhlizi həm də nəqliyyat xəritəsinin şaxələndirilməsi mənasını verir. Qərbin də əsas istəyi bu gün bundan ibarətdir ki, nəqliyyat marşrutları üzərində də bir dominant mövqedə dayansın. Bütün bu sadalanan amilləri birlikdə toplasaq, qeyd eləyə bilərik ki, Azərbaycanın qlobal və regional nüfuzunun artması ilə yanaşı, ölkəmiz sabit və etibarlı şəkildə öz enerji siyasətini həyata keçirdir. Bütün bunlar ABŞ tərəfindən etiraf edilir”.