Sevinc Fətəliyeva: Qarabağın dirçəlişi prosesi çox sürətlə həyata keçirilir

Azərbaycan dövləti tərəfindən Qarabağın dirçəlişi prosesi çox sürətlə həyata keçirilir. Bu faktı Qarabağın incisi, mədəniyyət paytaxtımız Şuşa şəhərinin bərpasının timsalında aydın şəkildə görmək mümkündür. Bugünlərdə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya növbəti səfəri zamanı həyata keçirilən təməlqoyma və açılış mərasimləri, reallaşdırılan digər tədbirlər Şuşa şəhərinin qısa müddətdə tam bərpa olunacağını deməyə əsas verir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib.

Deputat diqqətə çatdırıb ki, dövlətimizin başçısı müharibədən sonra azad olunmuş ərazilərə səfər edir, həmin torpaqlardan qarşıda duran vəzifələrlə bağlı öz mesajlarını verir. Bu baxımdan, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərinə səfəri böyük əhəmiyyət kəsb edir. Deputatın sözlərinə görə, Prezident İlham Əliyev azad olunmuş bölgələrə qalib ordunun və dövlətin qalib sərkərdəsi kimi səfər edir. Şuşa səfəri zamanı bir sıra infrastruktur layihələrinin, quruculuq işlərinin təməli qoyuldu, Şuşa şəhərinin baş planı təqdim edildi: “30 ilə yaxın müddət ərzində bu torpaqları işğal altında saxlayan düşmən dövlət siyasəti dərəcəsinə çatdırılan terror hərəkətləri törədib, evləri, infrastrukturu dağıdıb, yeraltı və yerüstü sərvətləri talan edib. Bir sözlə, bir vaxtlar həyat qaynayan rayonlarda dədə-baba torpaqlarından qovulan azərbaycanlıların ev-eşikləri erməni vandalları tərəfindən yerlə-yeksan olunub. Bəli, bu, erməni xislətinin mahiyyətini, vandallığını, vəhşiliyini göstərir”.

S.Fətəliyeva qeyd edib ki, dövlətimizin başçısının Şuşaya növbəti səfəri də əlamətdar hadisələrlə yadda qaldı. Səfər zamanı dövlətimizin başçısı Şuşada bərpa-quruculuq işləri ilə tanış oldu. Bülbülün ev muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin abidəsinin, “Qarabağ” otelinin açılışları oldu, yeni yaşayış məhəlləsinin təməli atıldı və s. Molla Pənah Vaqifin məqbərəsinin açılışı, eləcə də, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsi böyük mədəniyyət hadisəsidir. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqəti nəticəsində Şuşa şəhəri tezliklə dirçələcək, o cümlədən tarixi, mədəni və dini abidələrimiz bərpa olunacaq.

“Vətən müharibəsi dövründə biz xalq olaraq çox güclü həmrəylik nümayiş etdirdik. Siyasi baxışlarından, mövqeyindən və əqidəsindən asılı olmayaraq hər kəs bir amal uğrunda birləşdi. Təbii ki, biz buna Prezidentimizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində nail olduq. Bundan sonrakı mərhələdə isə Prezidentin tövsiyəsinə uyğun olaraq, qələbəmizi siyasi yollarla möhkəmləndirmək, erməni faşizmini və vandalizmini ifşa etmək üçün beynəlxalq müstəvidə fəaliyyətimizi gücləndirməliyik. Qarabağın, o cümlədən tarixi şəhərimiz olan Şuşanın dirçəlişi bu prosesdə mühüm rol oynayır ”, – deyə S.Fətəliyeva vurğulayıb.