Sevinc Fətəliyeva: “Regionumuzda sülh və təhlükəsizliyin təmin olunması qarşısı alınır”

“Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq mühüm yer tutur. Milli maraqlara söykənən xarici siyasət kursu nəticəsində Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş qismində qəbul olunmaqdadır. Ölkəmiz üzvü olduğu beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak edir, təşkilat daxili münasibətlərin daha da genişlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə töhfələrini verir. Bu mənada ölkəmizin hazırda sədri olduğu Qoşulmama Hərəkatına üzv dövlətlər ilə münasibətləri yüksək səviyyədədir. Azərbaycan Prezidenti İlham Əliyev iyulun 5-də Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışı zamanı bu beynəlxalq platforma çərçivəsində əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb”.

Bunu deputat Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycanın təşkilata rəhbərliyinin böyük hissəsi “COVİD-19” pandemiyası dövrünə təsadüf edib. “Pandemiya ilə bağlı Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib və həmin təşəbbüslər beynəlxalq birlik tərəfindən dəstəklənib. Bunun nəticəsi olaraq BMT Baş Assambleyasında bir sıra sənədlər qəbul olunub. Bakıda keçirilən nazirlər görüşündə çıxışı zamanı Prezident İlham Əliyevin dediyi kimi, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu: “2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Bundan əlavə, Qoşulmama Hərəkatının bəzi zəngin ölkələr tərəfindən yürüdülən “peyvənd millətçiliyi”nə güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyinə dəlalət edir”.

Deputat qeyd edib ki, dövlətimizin başçısı çıxışında Azərbaycanın neokolonializm meyillərinin artmasından da narahat olduğunu ifadə edərək, dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir. “Cənab Prezidentin dediyi kimi, neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır”, – o qeyd edib.
Prezident İlham Əliyev çıxışında regionumuzda vəziyyət barədə də fikirlərini ifadə edib. Ermənistan imzaladığı kapitulyasiya aktında yer almış digər öhdəliyi olan və Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq Zəngəzur dəhlizinin açılmasına mane olur. Bütün bunlar isə regionumuzda sülh və təhlükəsizliyin təmin olunmasının qarşısını alır. Azərbaycan bölgədə sülhün təmin olunması üçün qətiyyətli siyasətini davam etdirəcək və bu prosesdə beynəlxalq platformaların imkanlarından istifadə edəcək”,- deputat qeyd edib.