Əks-hücum tam sürətlə davam edir

Ukrayna Silahlı Qüvvələrin əks-hücum əməliyyatı tam sürətlə gedir. Baxmut istiqamətində vəziyyət daha da mürəkkəbləşir.

Bunu Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin deyib.

Priqojin Zelenskinin Ukrayna ordusunun niyə əks-hücum əməliyyatına başlamağa tələsməməsi ilə bağlı açıqlamasını “hiyləgərlik” adlandırıb.

“Əks-hücum tam sürətlə davam edir. Baxmut istiqamətində Ukrayna Silahlı Qüvvələrinin bölmələri cinahlara daxil olurlar. Təəssüf ki, bəzi yerlərdə buna nail olurlar”, – Priqojin bildirib.

Onun sözlərinə görə, “Vaqner” şəhəri tamamilə ələ keçirmək üçün Baxmutda hücuma davam edir. Priqojin əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri artıq əks-hücum planını həyata keçirir.

“Ukrayna Silahlı Qüvvələri üçün indi Baxmut istiqamətini yarmaq vacibdir. Növbəti istiqamətlər Rusiya Federasiyası ərazisinə çıxışı olan Belqorod, Bryansk vilayətləri və Zaporoje olacaq. Onlar əvvəlcə Baxmut istiqaməti və “Vaqner”lə məşğul olmalı, bu hekayəni bitirməli və döyüşkən ruhla Zaporoje, Bryansk və Belqoroda üz tutmalıdır. Ona görə də Ukrayna Silahlı Qüvvələrinin hücumu başlayıb”, – Priqojin vurğulayıb.

O iddia edir ki, bu əməliyyat üçün hazırlanmış bütün bölmələr texnikalarla birlikdə irəliləyirlər. “Vaqner” liderinin fikrincə, Ukrayna ordusunun əks-hücumu getdikcə genişlənəcək.

Ukrayna Silahlı Qüvvələrin gözlənilən əks-hücum əməliyyatına başladığını rəsmən təsdiqləmir. Bu gün Prezident Zelenski Ukraynanın niyə hələ də əks-hücuma başlamamasının səbəbini açıqlayıb. Onun sözlərinə görə, Ukrayna hərbçilərinə bunun, xüsusən də tərəfdaş ölkələrin vəd etdikləri hərbi yardımı almaq üçün daha çox vaxt lazımdır.