Sirkdə 9 akrobat hündürlükdən yıxıldı

Akrobat

Amerika Birləşmiş Ştatlarının Rod-Aylend ştatında sirk nümayişi zamanı baş verən qəza nəticəsində 9-u akrobat olmaqla, 10-dan çox adam xəsarət alıb.

Hadisə ştatın Providens şəhərində baş verib. Sirkdə nümayiş zamanı tavandan asılı olan platforma qopub. Akrobat qızlar bu platformaya yalnız saçlarından bağlı olublar. Akrobatların həmin vəziyyətdə rəqs etməsi nəticəsində platforma ağırlığa tab gətirməyib və onların hamısı birlikdə 12 metrlik yüksəklikdən yerə yıxılıb. Sirkə gələnlər arasında da bir neçə nəfər xəsarət alıb. Xəstəxanaya yerləşdirilən akrobatlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Baş vermiş hadisə ilə bağlı istintaq başladılıb. Həmin sirkdə yaxın günlərdə göstəriləcək nümayişlər də təxirə salınıb.