Siyəzəndə tender oyunu

 

57

İcra başçısı büdcədən ayrılmış yüz minlərlə manatı silərək, onun yerini yerli sahibkarlar və idarələrdən aldığı pullarla doldurub
Bəzi icra başçıları təyinat aldıqdan sonra yaranana vəziyyətdən sui-istifadə etməklə dolanışıqlarını təmin edirlər. Necə ki, büdcə pullarını «silmək» üçün Siyəzəndə  müxtəlif adlar altında işlər görüldüyü sənədləşdirilir. Xalq.az-ın  araşdırmalarına görə, Siyəzən rayon  icra başçısı  Arif Qasımov artıq tender sahəsində kifayət qədər peşəkarlaşıb. Rayonda dostları ilə əlbir şəkildə fəaliyyət göstərən icra başçısı qısa müddətdə milyonlarla manat vəsaitin axırına çıxmağı bacarıb. Əldə olunan məlumatlara görə, dostu ilə şərikli MMC-lər yaradan Arif Qasımov  indiyə qədər büdcə pullarını dağıtmağın asan yollarını da tapıb. Məsələn, onun abadlıq və yenidənqurma adı altında gördüyü işlərin pulu büdcədən verilsə də, həmin vəsaiti yerli idarə və müəssisə rəhbərləi ilə sahibkarlar çəkiblər. Araşdırmalarımıza görə, təkcə 2013-ci ildə abadlıq işlərinin görülməsi adı altında Siyəzən sahibkarları və müəssisə rəhbərlərindən 200 min manata yaxın pul yığılıb. Məlumatlara görə, Arif Qasımovun tapşırığına əsasən keçirilmiş prosesdə sahibkarlar, idarə və müəssisə rəhbərləri həmin pulu hissə-hissə ödəyiblər. Abadlıq işlərini  isə dostuna məxsus  MMC həyata keçirib ki, onlara da bu işdən bir qədər pul çatıb. Siyəzəndə  görülmüş abadlıq işlərinə gəldikdə isə onların gülməli vəziyyətdə olduğu diqqəti çəkir. Rayon yolları dəhşətli durumdadır. Rayonun daxili yollarındakı vəziyyət isə daha acınacaqlıdır. Dəfələrlə icra başçısına edilən şikayətlərə isə məhəl belə qoyulmur. Səbəbi də aydındır: Arif Qasımovu  pul maraqlandırır, rayonun vəziyyəti yox. Qeyd edək ki, Siyəzən  icra başçısı bu tip işləri mütəmadi olaraq həyata keçirir. Onun «növbətçi pulları» əsasən icra nümayəndələrinə ayrılmış avadanlıqların alınması və ya sair xərclər üzrə ayrılmış vəsaitlərdən ibarət olur.Qeyd edək ki, rayondan gələn digər xəbərlərə görə, məhz bu cür işlər sayəsində Arif Qasımov Siyəzəndə  özünü topdağıtmaz villa inşa etdirməklə yanaşı, Bakıda da bir çox ev və obyektlərə sahib olub.

 

Qarçı tərəfindən mövqeyini dərc etməyə hazırıq