“Siyasi liliputlar” ölkəsi…

Seçki ərəfəsində olan Ermənistanın siyasi səhnəsində baş verənlər ölkəmizin siyasətçilərinin, peşəkar ekspert və politoloqlarının diqqətindən yayınmır. Bunun əksi baş versəydi, təəccüblü olardı. Söhbət ondan getmir ki, hansısa, xüsusən, 30 il ərzində bizə qarşı düşmənçilik və işğal siyasətini həyata keçirmiş  bir ölkənin daxilindəki  ictimai-siyasi proseslərə müdaxilə imkanlarımızı nəzərdən keçiririk. Ermənistanın  təcavüzkar siyasətini əsas götürsək, buna mənəvi haqqımızın olduğunu kimsə şübhə altına ala bilməz. Alsa belə, yumşaq desək, yanlışlıq etmiş olar. Lakin ölkəmiz beynəlxalq-hüquq normalarını əsas götürərək hər zaman bu mövqedə olub ki, kimliyindən, kiçikliyindən,yaxud böyüklüyündən və hətta maraqlarımızdan asılı olmayaraq, başqalarının daxili siyasi seçiminə müdaxilə etmədiyimiz kimi, onlara da bu haqqı tanımırıq. Amma istəsək də, istəməsək də, ölkəmizdə ciddi politoloq və ekspertlər səviyyəsində bildirilən fikir və rəylər  Ermənistandakı ab-havaya təsirsiz ötüşmür. Bunda da təəccüblü heç nə yoxdur. Qalib dövlət mənsublarının, hətta ekspert səviyyəsində dedikləri məğlub Ermənistanda xüsusi qıcıqla qarşılanır, təhlil olunur və oradakı proseslərə hansısa mənada yön verir. Nəzərə alsaq ki, Ermənistanda revanş meylləri səngimir və hərbi-siyasi təxribatlar davam etdirilir, zənnimcə, bu istiqamətdə fikirlərimizi  ifadə etməkdən  daha açıq faydalanmalıyıq. Həm də ona görə ki, Prezident İlham Əliyevin vurğuladığı tək, bu gün Ermənistan hakimiyyətini və müxalifətini birləşdirən yalnız bir amil var, o da azərbaycanofobiya və türkofobiyadır.      Artıq sirr deyil ki, Ermənistanda iki-Rusiya və Qərbmeylli qüvvələr arasında hakimiyyət uğrunda savaş gedir,  daha dəqiq olsaq, iki xarici güc hakimiyyətə öz adamını gətirməyə çalışır. Güc mərkəzləri və maraqlar fərqli olduğu üçün  maraqların toqquşması  labüddür. O da gizli deyil ki, seçki marafonunda Rusiyaya meylli olan əsas namizəd  R.Köçəryandır. Rusiya mediasının ona göstərdiyi informasiya dəstəyi bu səbəbdən təsadüfi deyil. Bir müddət əvvəl tanınmış jurnalistlərdən olan V.Pozner Köçəryandan Rusiya-1 dövlət kanalı üçün müsahibə almışdı. Bütün təfərrüatları ilə həmin müsahibə göstərdi ki, on il ərzində Ermənistana rəhbərlik etmiş bu şəxs vassallıq xislətindən xilas ola bilməyib. Təkcə ona görə yox ki, bu, yalnız onun şəxsi keyfiyyətlərindən irəli gəlir. Səbəb həm də ondadır ki, Ermənistan tarixən vassallıq yolunu seçib, heç vaxt müstəqil ola bilməyib və Paşinyanın dövründə də başqalarının vassalıdır…      V.Poznerin Köçəryana çoxsaylı suallarından biri belə olmuşdu: ” Əgər Tanrı ilə görüşsəniz, ona nə deyərdiniz?” Köçəryanın suala ilk reaksiyası belə idi: ”İndi, yoxsa həyatın qürub çağında?”. Pozner müsahibini başa salmağın başqa çarəsini tapmayıb, onu bu sözlərlə utandırmışdı: “Adətən, Tanrı ilə görüş həyat bitdikdən sonra olur”.Xocalı qətliamının əsas baiskarlarından biri olan Köçəryanın Tanrı dərgahına aparan yoldan bixəbər olmasında, əslində, təəccüblü heç nə yoxdur.Lakin müsahibədə düşdüyü vəziyyət göstərdi ki, siyasi texnoloqların və dəstəkçilərinin bütün səylərinə baxmayaraq, o, həyatda olduğu kimi, siyasətdə də “piyadadır”. Bugünlərdə Rusiyanın RBK kanalı da Köçəryandan müsahibə alıb. Yenə də bütün səylərə baxmayaraq, onun dərin birisi olmadığını gizlətmək alınmadı. Köçəryana belə sual verilir ki, “erməni lobbi mərkəzlərinin tanınmış nümayəndələrinin, etnik erməni olan xarici ölkə vətəndaşlarının yüksək vəzifəyə təyinatına münasibəti necədir?” Köçəryanın cavabı belə oldu ki, “güc strukturlarını çıxmaq şərtilə, bunu etmək olar, hətta iqtisadiyyat nazirinin də xarici ölkə vətəndaşı olması mümkündür”. Əgər uzun illər ərzində Ermənistanda hakimiyyətin zirvəsində dayanmış bir şəxs hələ də anlamır ki, hərbi təhlükəsizliklə iqtisadi təhlükəsizlik biri digərini tamamlayan sahələrdir, biri olmadan o birisini təmin etmək mümkün deyil, hətta iqtisadi təhlükəsizlik daha dərin, bazis-təməl anlayışıdır, deməli, bu şəxs, həqiqətən, “piyadadır”.      Köçəryan müsahibəsində əsas rəqibi, əks-siyasi düşərgənin namizədi olan Paşinyanı luzer və siyasi liliput adlandırdı. Göründüyü kimi, Ermənistan cəmiyyəti çətin seçim qarşısındadır, “iki siyasi liliputdan”  birini seçmək məcburiyyətindədir.  

 Ülvi Quliyev 

Milli Məclisin deputatı