SOCAR-ın 40 illik işçisi övladlarına görə evini satdı,indi isə işdən çıxarırlar

Xaricdə təhsil alan övladlarının ödəniş xərci üçün evini satan Sevda Əmənova “Azneft” İstehsalat Birliyinin rəhbərliyindən şikayətçidir.
Hazırda kirayədə yaşayan qadın 40 ildir çalışdığı müəssisədən çıxarıldığını deyir:
“Təqaüdə çıxmağa bir müddət qalmış müraciət edərək dedim ki, iki övladım xaricdə oxuyur, biri 2-ci qrup əlildir, bunları nəzərə alaraq mənə kömək edin. Xəstə uşağımı nəzərə alıb 6 ay müddəti uzatdılar. Lakin ondan sonra məni təqib etməyə başladılar. Hər yerə müraciət etdim. İqtisadiyyat naziri, “SOCAR”ın yeni təyin edilmiş Müşahidə Şurasının sədri Mikayıl Cabbarovdan tutmuş, çalışdığım müəssisənin rəhbərlərinə qədər rəsmi qaydada müraciət etsəm də, məni qəbul edib dinləyən olmadı. Müraciət etdiyim orqanlardan gələn cavablarda guya, dekabrın 29-dan işə gəlmədiyim, pensiya aldığım qeyd olunur. 10 il zərərli işdə işlədiyim üçün imtiyazlı pensiya almışam. Onun nə işimə, nə qocalıq pensiyama aidiyyəti yoxdur. Dövlətin qanununda olan imtiyazlı pensiyadır. Aldığım isə 200 manat puldur. Onunla nə dolana, nə də avroyla təhsil alan övladlarımı oxuda bilərəm.
Hara məktub yazıramsa, eyni məlumatı göndərirlər. Əllərində bayraq tuturlar ki, 60 yaşında işləmək olmaz, pensiyaya çıxmalıdır. Ona da razıyam, pensiyaya çıxıram. Amma heç olmasa uşaqlarım üçün kömək etsinlər. Uşaqlarımın təhsilinə görə heç olmasa 2 il məni işdə saxlasınlar”.
Şikayətçinin sözlərinə görə, övladlarının təhsil alması üçün Xırdalanda yerləşən evini də satıb:
“Hazırda kirayədə yaşamaqla onların hər birinin təhsil haqqlarından ötrü əvvəlcədən 9 000 avro, yəni hər birinə 18 000 manat, cəmi 36 000 manat ödəniş etdim ki, övladlarım təhsillərini davam etdirsinlər. Hər ikisi həmin depozit ödənişindən il ərzində istifadə edirlər ki, ilin sonuna kimi xərclənən məbləğ mütləq şəkildə həmin hesaba qaytarılmalıdır. Əks təqdirdə – xərclənən məbləğ vaxtında qaytarılmasa həmin dövlətin qanunlarına əsasən, tələbəni dərhal universitetdən çıxarmaqla bərabər, həmin dövlətdən deport edirlər. Xahiş edirəm, özümün və 2 tələbə övladımın vəziyyətini nəzərə alaraq məsələni ictimailəşdirib kömək edəsiniz”.