SOCAR qanunları belə pozur

“Ötən ilin bu vaxtı dünya bazarında neftin qiyməti 30 dollara qədər düşəndə Azərbaycanda “Aİ-95”in qiymətini bu qədər endirmədilər. Halbuki, əgər qiymətlər həqiqətən də indi deyildiyi kimi, dünya bazarına uyğunlaşdırılırsa, o zaman benzinin də qiyməti kəskin şəkildə düşməli idi. Çünki dünya bazarında neftin qiyməti düşən kimi mütləq benzinin qiyməti də enir. Bütün dünyada proses belə gedir”.

Bu sözləri  iqtisadçı-ekspert Azər Mehtiyev “Aİ-95” markalı benzinin qiymətinin bahalaşmasına münasibət bildirərkən deyib.

Ekspert qeyd edib ki, benzinin qiymətinin tənzimlənməsi məsələsində xeyli açıq qalan suallar var:
“Doğrudur, Azərbaycan bazarında benzinin qiyməti neftə əsasən tənzimlənir. Amma nəyə görə yalnız neftin qiyməti qalxanda benzin də bahalaşır, ucuzlaşdıqda benzinin qiymətinə təsir göstərmir? Əvvəllər bu “Aİ-95”ə aid edilirdi. Artıq son 2-3 ildə “Aİ-95” tənzimlənən qiymətlər siyahısına daxil deyil. Çünki ölkədə istehsal olunmur, SOCAR xaricdən gətirir. Daxili bazar da dünya bazarı qiymətinə satır. Yəni əldə etdiyi qiymətin üzərinə əlavə pul qoyub satışını həyata keçirir.

Maraqlı tendensiya ondadır ki, SOCAR bu benzini ölkəyə gətirən şirkət olaraq, niyə neftin qiyməti artanda qiyməti qaldırır, amma neftin qiyməti kəskin şəkildə aşağı düşəndə həmin azalmanı demək olar ki, təmin etmir? Bu çox önəmli sualdır. Bunun cavabı sadəcə vətəndaş, istehlakçı üçün deyil, istehlakçıların hüquqlarını müdafiə edən dövlət qurumları üçün də maraqlıdır. Çünki ortada birtərəfli oyun var, istehlakçı hüquqlarının pozulması məsələsi var. Əgər dünya bazar qiymətlərinə uyğun tənzimlənmə gedirsə, bazarda neftin qiyməti düşən zaman “Aİ-95”in qiyməti də enməli idi”.

İqtisadçı benzinin qiymət siyasəti ilə bağlı daha bir maraqlı məqama da toxunub:
““Aİ-95”-i Azərbaycana əsasən SOCAR gətirir, lakin mümkündür ki, “LUKoil” və bu kimi digər şirkətlər də gətirsin. Əgər gətirirlərsə o zaman maraqlı sual meydana çıxır: necə olur ki, ayrı-ayrı şirkətlər bir gecədə razılaşdırılmış qaydada qiyməti qaldırırlar. Bu zaman artıq inhisarçılıq meydana gəlir. Bu məsələyə də Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aydınlıq gətirilməlidir. Araşdırılmalıdır ki, bu benzini ölkəyə yalnız SOCAR gətirirsə, nəyə görə tək onun sərəncamındadır? Yox, əgər digər şirkətlər də gətirirsə, dediyim kimi, ortada bazar rəqabəti varsa, niyə bir gecədə ayrı-ayrı şirkətlər razılaşdırılmış kimi qiyməti qaldırır? Deməli, burada razılaşma elementi var. Bu, Azərbaycanda mövcud antiinhisar qanunvericiliyinə görə gizli sövdələşmə hesab olunur. Mütləq qanunla araşdırılmalıdır. Çünki bu, böyük qanun pozuntusudur”.