“Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışı olub – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 25-də Laçın rayonuna səfər ediblər.

Dövlətimizin başçısı Laçın rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib.

“AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi.

Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və altı meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq tam yenidən qurulub. Hazırda “Ağbulaq” Su Elektrik Stansiyasında artıq son tamamlama işləri aparılır. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarında isə işlər başa çatdırılıb.

Qeyd olunub ki, “Mişni” Kiçik Su Elektrik Stansiyasının yenidən qurulması layihəsi çərçivəsində baş suqəbuledici qurğu, 7,2 kilometr uzunluğunda derivasiya boru xətti və maşın zalı yenidən qurulub. Stansiyada Avropa istehsalı olan yaşıl sertifikatlı iki müasir eko-turbin, generatorlar, idarəetmə və avtomatika panelləri quraşdırılıb. Stansiyanın enerjisistemə inteqrasiyası üçün 25 meqavoltamper gücündə 110/10 kV-luq yarımstansiya tikilib, 18 kilometr uzunluğunda 110 kV-luq elektrik verilişi və optik kabel xətləri çəkilib. Bu yarımstansiya “Mişni” stansiyası ilə yanaşı, “Alxaslı” stansiyasında istehsal edilən elektrik enerjisinin ölkə enerjisisteminə ötürülməsi üçün qovşaq funksiyasını daşıyır. Enerjisistemə tam inteqrasiya edilməklə məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulmuş “Mişni” Kiçik Su Elektrik Stansiyasında il ərzində 23 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunacaq.

Bildirilib ki, “Alxaslı” Kiçik Su Elektrik Stansiyasının yenidən qurulması layihəsi çərçivəsində baş suqəbuledici qurğu, 4,3 kilometr uzunluğunda derivasiya boru xətti, maşın zalı yenidən qurulub. Stansiyada Avropa istehsalı olan yaşıl sertifikatlı iki müasir eko-turbin, generatorlar, idarəetmə və avtomatika panelləri quraşdırılıb. Stansiyanın enerjisistemə inteqrasiyası üçün “Mişni” Su Elektrik Stansiyasında tikilmiş 110/10 kV-luq yarımstansiyaya səkkiz kilometr uzunluğunda 10 kV-luq elektrik verilişi və optik kabel xətləri çəkilib. Enerjisistemə tam inteqrasiya edilməklə məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulmuş “Alxaslı” Su Elektrik Stansiyasında il ərzində 17 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunacaq.

Dövlətimizin başçısı “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarını işə salıb.

Qeyd edilib ki, “Ağbulaq”, “Alxaslı” və “Mişni” stansiyaları ilə yanaşı, bu günədək Laçın rayonunda ümumi gücü 40,5 MVt, illik enerji istehsalı potensialı 120 milyon kilovat-saat olan 5 kiçik su elektrik stansiyası yenidən qurularaq istismara verilib. Hazırda 4 stansiyanın yenidən qurulması üzrə işlər davam etdirilir. Gələn ilin birinci rübündə artıq Laçın rayonunda ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsal potensialı 194 milyon kilovat-saat olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək.

Bildirilib ki, su elektrik stansiyalarında ekoloji normalar tam qorunur. Bütün layihələr icra edilərkən çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması və onların çay ekosistemində saxlanılması məqsədilə xüsusi balıqkeçirici qurğular tikilib. Avropanın yaşıl sertifikatlı avadanlıqlarından istifadə etməklə çay ekosistemi, o cümlədən flora və fauna tam qorunur, çayların məcralarında ekoloji axımdan iki dəfə artıq miqdarda su saxlanılmaqla, aşağı axım zonasının su təminatı, eyni zamanda, məcraaltı su ehtiyatının formalaşması təmin edilib. Bununla yanaşı, bu işlər görülərkən meşələrin qırılmasına, qayaların dağıdılmasına yol verilməyib, çay məcralarında hidromorfoloji dəyişikliklər edilməyib. Derivasiya boru xətləri çəkilən zaman beynəlxalq təcrübəyə uyğun xüsusi konstruksiyalardan istifadə edilməklə ətraf mühitə təsirlər minimallaşdırılıb. Su elektrik stansiyalarının karbon emissiyasının azaldılmasında rolunu təsdiqləmək üçün beynəlxalq sertifikat əldə edilməsi istiqamətində iş aparılır.

Bu layihələrin sosial-iqtisadi əhəmiyyəti barədə məlumat verilərkən qeyd olundu ki, işğaldan azad edilən ərazilərdə 2021-2023-cü illərdə “AzərEnerji” ASC-nin icra etdiyi layihələr üzrə 3965 işçinin 2570-i yerli sakinlər olub. Daimi iş yerləri ilə təmin edilmiş 197 nəfərin 170-ni Qarabağ və Şərqi Zəngəzur regionundan olan əhali təşkil edir. “AzərEnerji” ASC yerli sakinlərin işlə təminatı üçün tikinti-quraşdırma işlərinə paralel olaraq peşə hazırlığı kursları da təşkil edir. Bu təşəbbüs regionda yeni energetika obyektlərinin tikintisi və istismarında yerli sakinlərin məşğulluğu üçün gələcəkdə də davam etdiriləcək. Bütün elektroenergetika obyektlərində çalışan işçilərin məişət şəraitinin yaxşılaşdırılması üçün mühəndis-yataqxana kompleksləri yaradılıb.

 

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcər rayonunda “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olublar.

Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Kəlbəcər “İstisu” mineral sudoldurma zavodu 1981-ci ildə inşa edilib. Zavod 1991-ci ilin sonlarında fəaliyyətini dayandırıb. Yeni tikiləcək “İstisu” zavodu 7,8 min kvadratmetr ərazini əhatə edəcək. Müəssisədə ikinövbəli əsasda təxminən 100 nəfər işlə təmin olunacaq. Zavodda Almaniya şirkəti tərəfindən təchiz olunan şüşə və plastik qablaşdırma istehsal xətləri fəaliyyət göstərəcək. Şüşə dolum xəttinin nominal gücü saatda 16 min, plastik dolum xəttinin nominal gücü isə saatda səkkiz min ədəd təşkil edəcək. Aylıq istehsal gücü isə səkkiz milyon ədədə yaxın olacaq.

“İstisu” Müalicə-İstirahət Kompleksinin layihəsi barədə məlumat verilərkən bildirildi ki, 1927-ci ildə fəaliyyətə başlayan bu sanatoriya keçmiş Azərbaycan SSR-də müttəfiq əhəmiyyətli ikinci böyük kurort hesab edilirdi. Kompleksin ərazisində üç yataq korpusu, bir müalicəvi vanna xidməti binası, bir poliklinika korpusu fəaliyyət göstərirdi. Sovet dönəmində bu kurort-sanatoriya kompleksi ildə 50 min nəfəri qəbul etmək imkanına malik olub. Buraya, əsasən, həzm sistemi xəstəliklərinin müalicəsi üçün müraciətlər edilirdi.
Bərpa ediləcək “İstisu” Müalicə-İstirahət Kompleksinin ümumi sahəsi 32 min kvadratmetr olacaq. Kompleksdə 145 nömrə, eləcə də 10 kottec yaradılacaq.

Kompleksdəki SPA Mərkəzində isə termal hamam, müalicəvi vanna, həkim otağı, o cümlədən müxtəlif müalicəvi hovuzlar, prosedur otaqları, təzyiqli su terapiyası, masaj, buxar, duz otaqları, istirahət zonaları, gözəllik salonu mövcud olacaq. Burada müxtəlif iaşə obyektləri – restoranlar, uşaq əyləncə mərkəzi, oyun otağı, sportskafe, karaoke otağı, kafeteriya da qonaqlara xidmət göstərəcək.

Qeyd olundu ki, “Aşağı İstisu” mənbəyindən alman mütəxəssislər tərəfindən nümunələr götürülüb, suyun analizi və testi həyata keçirilib. Aparılan analizlər və balneoloji rəylərə əsasən, İstisu təbii mineral suyu fizioloji, metabolik və müalicəvi təsirlərə malikdir. Bu isə mədə-bağırsaq traktının funksional pozğunluqlarının müalicəsi və həzm funksiyasının stimullaşdırılması, yaşlılarda natrium və maye çatışmazlığının, ortostatik tənzimləmə pozğunluqlarının, sidik yollarında infeksiyaların müalicəsi, kalsium oksalat, sistin və sidik turşusu daşlarının profilaktikası və metafilaksisi, uşaqlarda və yeniyetmələrdə diş kariyesinin profilaktikası, eləcə də böyüklər üçün dəstəkləyici təsir baxımından çox faydalıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər rayonuna səfər çərçivəsində “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 5,3 MVA gücündə olan “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak ediblər.

“AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya stansiyada görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Kəlbəcər rayonunun ərazisindən keçən bol sulu Tərtər çayı üzərində yerləşən “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyası “AzərEnerji” tərəfindən tamamilə yenidən qurulub. Ərazini tərk edən düşmən tərəfindən tamamilə dağıdılan bu stansiyada bütün avadanlıq və yararlı hissələr sökülərək daşınıb, daşınması mümkün olmayan hissələr isə məhv edilib. İşğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı dövlətimizin başçısının tapşırığına uyğun olaraq, əsasən “AzərEnerji” tərəfindən su elektrik stansiyasının baş suqəbuledici qurğusu, 6 kilometr uzunluğunda derivasiya boru xətti, maşın zalı yenidən qurulub. Stansiyada Avropa istehsalı olan yaşıl sertifikatlı, iki müasir ekoturbin, generatorlar, idarəetmə və avtomatika panelləri quraşdırılıb. Stansiyanın enerjisistemə inteqrasiyası üçün uzunluğu 6 kilometr olan 6 kV-luq kabel xətti çəkilib və eyni zamanda, optik kabel xətti ilə də əlaqələndirilib. Ərazidə fors-major hallar üçün ehtiyat dizel generatoru da quraşdırılıb.
Dövlət başçısı “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasını işə salıb.
Qeyd edilib ki, “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyası enerjisistemə tam inteqrasiya olunmaqla məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulub. Stansiyada il ərzində 15,5 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq.