Spiker: “Danışıqların mahiyyət və formatını məhv etməyə çalışır”

“Nikol Paşinyan yenə də beynəlxalq səviyyəli tədbirdə heç bir cavab verə bilmədi”.

XALQ.AZ-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının dördüncü iclasında spiker Sahibə Qafarova deyib. O bildirib ki, dünən Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammiti keçirilib. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb:

“Ölkə başçısı dünənki sammitdə vurğulayıb ki, biz artıq Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik və mətnin 90 faizi artıq razılaşdırılıb:

“Belə bir mərhələdə sammitin keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin gələcək inkişafı baxımından çox əhəmiyyətlidir. Cənab Prezidentin çıxışında digər diqqətçəkən məqam isə onun növbəti dəfə Ermənistanın Baş Nazirini ifşa etməsi oldu. Möhtərəm Prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə ölkəmizin qəti və ədalətli mövqeyini bir daha beynəlxalq ictimaiyyətə çatdırdı. Dövlət başçısı Ermənistan hakimiyyətinin danışıqları pozmaq cəhdlərini açıq mətnlə ifşa edərək dedi ki, Ermənistan beynəlxalq təşkilatlar tərəfindən münaqişəyə dair qəbul edilmiş müvafiq sənədlərə əməl etmir, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirir, danışıqların mahiyyət və formatını məhv etməyə çalışır. Azərbaycan Prezidentinin səsləndirdiyi təkzibedilməz faktlar və dəlillər qarşısında Ermənistanın Baş Naziri növbəti dəfə beynəlxalq ictimaiyyət qarşısında aciz vəziyyətə düşdü”.