“Status” tələb edən beynəlxalq birliyin ermənipərəst qüvvələri susduruldu

“İki dövlət Başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladıqları tarixi Şuşa bəyannaməsi hər şeydən əvvəl Cənubi Qafqazda hərbi-siyasi vəziyyəti balanslaşdırmaqla, regiona uzunmüddətli, dayanıqlı sülh gətirəcəkdir”.

Bunu  Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.

Millət vəkili qeyd edib ki, bu bəyannamə həm də Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıqdır:

“44 günlük müharibədə biabırçılıqla məğlub olan və nəticələrdən narazı qalan, revanşist çağırışlar səsləndirən daşnak tör-töküntülərinə veriilmiş xəbərdarlıq kimi qiymətləndirilməlidir. Eyni zamanda süni şəkildə Qarabağ problemini yenidən qabartmağa çalışan, hansısa “ status” tələb edən beynəlxalq birliyin ermənipərəst qüvvələrinə edilmiş mesajdır.

Prezident İlham Əliyevin təbiri ilə desək, “Bu yenilənmiş Qars müqaviləsidir. İmzalanan müttəfiqlik haqqında birgə bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatıdır.”

Şuşa Bəyannaməsi iki ölkə arasında gələcək əməkdaşlığın strateji yol xəritəsini müəyyənləşdirən hüquqi sənəddir. Təhlükəsizlik, hərbi-siyasi, diplomatik, iqtisadi, mədəni münasibətlərin dərinləşdirilməsini, inteqrasiya proseslərinin sürətləndirilməsini nəzərdə tutur. Beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etməklə, qarşılıqlı dəstəyin verilməsi, hər iki dövlətin gücünə güc qatacaqdır. Şuşada Türkiyənin baş konsulluğu açılacaqdır. Azərbaycan Ordusu və təhlükəsizlik sistemləri yeni tələblərə uyğun olaraq formalaşdırılacaq, modernləşdiriləcəkdir. Müasir pilotsuz uçuş aparatları “Bayraktarlar” ölkəmizdə istehsal olunacaqdır. Hər iki ölkənin Neft şirkətlərinin, üçüncü ölkələrdə investisiya imkanları yaranacaqdır. 10 noyabr üçtərəfli razılaşmanın bütün müddəaları icra olunacaq, kommunikasiyaların açılmasını əngəlləyən türk düşmənlərinin arzuları puç olacaq. Əsas məqamlardan biri ölkələrimizin təhlükəsizliyinə hər hansı xarici təhdid yarandığı halda, dərhal müdaxiləni nəzərdə tutan bəndin əks olunmasıdır. Belə bir müddəanın nəzərdə tutulması, artıq Ermənistan siyasətçilərinin ritorikasında müəyyən dəyişikliklərə səbəb olmuşdur.

Ümumiyyətlə, Şuşa bəyannaməsinin imzalanması “Bir millət, iki dövlət” konsepsiyasına tam uyğundut və xalqlarımız tərəfindən yüksək qiymətləndirilir”.