Stomatoloji klinikada baş verən ölümlə bağlı cinayət işi açılıb

 

18

Dekabrın 5-də, saat 12 radələrində paytaxtın Nəsimi rayonu ərazisində fəaliyyət göstərən “VİP DENTAL” özəl stomatoloji klinikada Məmmədov Elçin Seyfulla oğlunun üzərində aparılan cərrahiyyə əməliyyatı zamanı ölməsi barədə rayon prokurorluğuna daxil olan məlumat əsasında məhkəmə-tibbi ekspertin iştirakı ilə zəruri kriminalistik vasitələrdən istifadə edilməklə hadisə yerinə baxış keçirilib, Elçin Məmmədovun meyiti xarici müayinə olunub. Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bakı Şəhər Prokurorluğundan SİA-ya verilən xəbərə görə, aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, klinikada həkim-stomatoloq kimi fəaliyyət göstərən Hüseynov Baxış Hüseyn oğlu qeyd edilən tarixdə ona müraciət edən E.Məmmədovun çənə nahiyyəsində cərrahiyyə əməliyyatı apararkən sonuncunun səhhəti qəflətən pisləşmiş və həyatının xilas edilməsi üçün tibbi yardım göstərilməsinə baxmayaraq vəfat edib.

E.Məmmədovun ölümünün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə zəruri ekspertizalar təyin edilib, eyni zamanda klinikanın fəaliyyətinin yoxlanılması ilə əlaqədar Səhiyyə Nazirliyinə müraciət edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.