Strasburqda AŞ-a üzv dövlətlərin parlament sədrlərinin konfransı keçirilir

Strasburqda Avropa Şurasına üzv 47 dövlətin, eləcə də tərəfdaş, müşahidəçi qismində iştirak edən dövlətlərin parlament sədrlərinin konfransı keçirilir.

XALQ.AZ xəbər verir ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən təşkil olunan tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

Konfransa 60-dək ölkənin parlament sədri qatılıb. İki gün ərzində parlament sədrləri “Ümumi Avropa evimiz: qarşıdakı 70 il”, “BMT-nin Proqramının-2030 və onun davamlı inkişaf məqsədləri: parlamentlərin töhfələri”, “Qadınlar siyasətdə və ictimai nitqlərdə: siyasətçi və deputat qadınlara qarşı təzyiq və nifrət çıxışlarının artmasına qarşı mübarizədə milli parlamentlər hansı rolu oynaya bilər?” mövzularına dair çıxışlar dinləniləcək və müzakirələr aparılacaq.

AŞPA-nın sədri Lilian Mori Paskye və Avropa Şurasının Baş katibi Mariya Pesçinoviç Buriç konfransın ilk günündə parlament sədrlərinin qarşısında çıxış edəcək.