Südabə Həsənova təqaüdə göndərildi

Konstitusiya Məhkəməsinin hakimi Südabə Həsənova təqaüdə çıxıb.

XALQ.AZ-ın əldə etdiyi məlumata görə, 74 yaşlı hakim vəzifədə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Konstitusiya Məhkəməsindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, S.Həsənova 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. O, müxtəlif vəzifələrdə çalışıb, o cümlədən 1998-2000-ci Azərbaycanın ədliyyə naziri, 2000-2005-ci illərdə Ali Məhkəmənin sədri işləyib. Milli Məclisin 23 dekabr 2005-ci il tarixli qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.

Xatırladaq ki, Konstitusiya Məhkəməsinin 9 hakimi var və onların vəzifədə olmasının son yaş həddi 70-dir. Konstitusiya Məhkəməsinin 70 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək vəzifələrini icra edir.

Milli Məclisin fevralın 1-də keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinə yeni hakimin təyin olunması məsələsinə baxılıb. Humay Elçin qızı Əfəndiyevanın məhkəmənin hakimi vəzifəsinə namizədliyi səsverməyə çıxarılaraq qəbul edilib.
H.Əfəndiyeva Konstitusiya Məhkəməsinin hakimi kimi and içib.