Könül Bünyadzadənin müəllifi olduğu “Sufi fenomenologiya” monoqrafiyası çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun İslam fəlsəfi şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin ikicildlik “Sufi fenomenologiya” monoqrafiyası işıq üzü görüb.

Bu barədə   AMEA-dan bildirilib. Qeyd olunub ki, bu əsər düşüncə tarixində yeni fəlsəfi sistemi təqdim edir. Burada ruhani təcrübə ilə şüur təcrübəsinin vahid strukturu işığında varlıq probleminə və idrak nəzəriyyəsinə yeni bir baxış bucağı açılır. Təməlində sufizm və fenomenologiya dursa da, monoqrafiyada vahid xəttin və başlıca ideyanın əsaslandırılması məqsədilə antik yunan dövründən başlayaraq bir çox filosofların əsərlərinə, fəaliyyət sahələrinə, hətta dəqiq elmlərə, xüsusilə kvant fizikasına müraciət olunur.

Əsər 17 ildən artıq müddətdə aparılan tədqiqatın nəticəsidir. Filosof alimin əvvəlki tədqiqatlarından fərqli olaraq əsərdə fəlsəfə tarixi cüzi yer tutur. Burada vahid ideya xəttini qorumaq üçün başqa filosofların, mütəfəkkirlərin oxşar məsələ ilə bağlı düşüncələrinə müraciət olunub, lakin onların təhlilinə ayrıca yer ayrılmır. Bu, hər oxucunun öz ixtiyarına buraxılır.

Yeni nəşrdə həm müqəddəs kitablara, həm də elmi dəlillərə müraciət edilir. Ancaq sufi fenomenologiya nə təfsirdir, nə elmin fəlsəfəsi. Bu üsulla, sadəcə, ruhani təcrübəyə və rasional şüura istinad edən düşüncələr əsaslandırılır. Monoqrafiyanın yazılmasında tanınmış filosof, fenomenologiyanın təməlini qoyan Edmund Husserlin “Saf fenomenologiya və fenomenoloji fəlsəfə haqqında ideyalar (I kitab)” əsəri nümunə olaraq götürülüb. Eyni zamanda, əsərdə məhz sufizmin prinsiplərindən istifadə olunub: bir tərəfdən, mülahizələr sadədən mürəkkəbə doğru hərəkət edir, digər tərəfdən, eyni mövzuya təkrar, hər dəfə daha dərin kontekstdə qayıdılır. Məqsəd həqiqəti bütöv şəkildə təqdim etməklə yanaşı, həm də mahiyyəti köməkçi ideyalardan ayırmaqdır.

Monoqrafiyanın birinci cildi sufi fenomenologiyaya girişi və yeni fəlsəfənin əsaslarını, ikinci cildi isə sufi fenomenoloji metodologiya və ağıl haqqında mülahizələri, təhlilləri ehtiva edir.

Qeyd edək ki, “Sufi fenomenologiya” Şərq düşüncə tarixində qadın filosof tərəfindən yazılmış ilk fəlsəfi sistemdir. Əsərin əsas ideyaları artıq bir neçə beynəlxalq konfransda təqdim edilib, nüfuzlu elmi jurnallarda dərc olunub.