Sülh istəyən dövlət Ermənilər kimi təxribat xarakterli addımlar atmır-Millət vəkili

Bu gün həm Azərbaycan, həm də erməni sosial şəbəkə seqmentində müzakirə olunan məsələlər sırasında daha biri diqqətdən yayınmır. Söhbət Ermənistanın Baş naziri Nikol Paşiyanın cənab İlham Əliyevi Prezident seçilməsi ilə əlaqədar təbrik etməməsi məsələsindən gedir. Məlum olduğu kimi, indiyə qədər Paşinyan bunu etməyib. Belə gümanlar var idi ki, Ermənistanın Baş nazirinin sülhdən danışması, sülh prosesinə sadiq qaldığı haqqında verdiyi çoxsaylı ismarıcları fonunda Azərbaycan Prezidentini təbrik edəcək, bu təbrik nəticə etibarilə danışıqlar prosesinə stimul verəcək. Amma əksini söyləyənlər də var idi ki, əslində Paşinyanın sülhlə bağlı dediklərinin hamısı blefdir, nonsensdir, o, vaxtı udmaq taktikası həyata keçirir, Paşinyandan belə jestlər gözləməyin mənası yoxdur… Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ikinci mövqe həqiqəti özündə əks etdirmiş oldu”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Beynəlxlaq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib.

Deputat bildirib ki, xüsusilə, Paşinyanın əmri olmadan Ermənistan-Azərbaycan şərti sərhədində, Zəngilan istiqamətində heç bir halda erməni snayper Azərbaycana münasibətdə hərbi təxribata əl ata bilməzdi: “Deməli, məqsədyönlü, planlı şəkildə edilib. Bu, sülh prosesinə zərbədir. Sülh istəyən dövlət belə addımlar atmır, təxribatlara getmir. Artıq bizim üçün bəllidir ki, bu təxribatı Ermənistanın hərbi-siyasi hakimiyyəti edib. Qulağına pıçıldayanlar isə Yeliseydə, ABŞ Konqresində, Dövlət Departamentində əyləşir. Nəticə isə göz qabağındadır. Yəni Azərbaycana qarşı hərbi təxribata hazırlaşan Ermənistan Baş nazirindən təbrik gözləməyin mənası yox idi. İndi sular durulur və hər şey üzə çıxır. Azərbaycan Silahlı Qüvvələri, Sərhəd Qoşunlarımız erməni təxribatçılarını yerlərinə oturtdu. Onlara qarşı “Qisas əməliyyatı” həyata keçirdi, erməni hərbi postu tamamilə darmadağın edildi. Ermənilərin çoxsaylı itkiləri var. Düzdür, Ermənistan müdafiə naziri 4 nəfər itkidən bəhs edir, amma bu say arta da bilər. Bu həm də Ermənistana və onun hərbi-siyasi rəhbərliyinə dərs oldu ki, belə təxribatlarına son qoysun. Bu cür təxribatlar bir dəfə 2020-ci ildə Ermənistanı diz çökdürməyə vadar etdi. Azərbaycana qarşı belə silsilə hərbi təxribatlardan biri keçən ilin 19-20 sentyabr tarixində oldu, o zaman da Azərbaycan Ermənistan Silahlı Qüvvələrini ağ bayraq qaldırmağa məcbur etdi, onların yarısı tərki-silah oldu, yarısı cəhənnəmə vasil oldu. Və Azərbaycan ərazi bütövlüyünü, suverenliyini tam şəkildə təmin etdi. İndi yenə onların hərbi təxribat törətmələri artıq siyasi dəlilikdir. Ermənistanın hərbi-siyasi rəhbərliyinin ağlı varsa, papağını qarşısına qoyub düşünsün. Əgər papağı varsa… Düşünsünlər ki, belə təxribatların hansı daha dəhşətli fəsadları ola bilər”.