Sumqayıt icra hakimiyyəti ilə sahibkarların borc qalmaqalı davam edir

Ötən günlərdə xəbər vermişdik ki, Sumqayıtda iş adamları ilə yerli İcra Hakimiyyəti orqanı arasında uzun illərdir davam edən borc məsələsi ciddi qalmaqala çevrilib. JAMAZ.İNFO-ya məlumat verən sahibkarlar bildirmişdilər ki, bu ilin fevral ayında Sumqayıt İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov həmin iş adamlarına “barışıq” təklif edib.

“Barışıq” da ondan ibarət olub ki, həmin sahibkarlar borclarını aldıqlarına dair “zəmanət məktubu” verməli və bunu notarial qaydada təsdiq etməlidirlər. Həmin məktub hazır olduqdan bir gün sonra isə onların borcları tam ödəniləcək.

Həmin məlumatda vurğulanırdı ki, sahibkarların bir neçəsi Fərəcovun şirin dilinə aldanıb, buna razılıq veriblər. Bunun ardından Sumqayıt Şəhər İcra Hakimiyyətinin şöbə müdiri, eyni zamanda Zakir Fərəcovun “sağ əli” kimi tanınan Gündüz Əliyev “zəmanət məktubu”nu hazırlayaraq, onu sahibkarlara təqdim edib. Həmin sahibkarlardan bir neçəsi həmin sənədi notarial qaydada təsdiqləyib. Bir gün sonra isə pulun verilmədiyini, hətta etiraz etdiklərinə görə, təhdid olunduqlarını görən iş adamları elə notarial qaydada həmin “zəmanət məktubu”nu ləğv etdiriblər. Ardından da rəsmi qurumlara teleqarmla müraciət edərək, belə bir sənədin hüquqi əhəmiyyət daşımadığını bildiriblər.

Həmin hadisənin üzərindən bir müddət keçdikdən sonra məlum olub ki, Zakir Fərəcov sözügedən “zəmanət məktubu”nu əlində əsas tutaraq, rəsmi qurumları inandırmağa çalışırmış ki, borc söhbəti yoxdur. Bundan xəbər tutan həmin iş adamlarının bir neçəsi dərhal rəsmi qurumlarla əlaqə saxlayaraq, vəziyyəti izah etdikdən sonra durum dəyişib. Belə ki, dövlət qurumları Zakir Fərəcovdan həmin pulun sahibkaralara qaytarılmasını tələb ediblər.

Elə mərəkə də bundan sonra qopub. JAMAZ.İNFO-ya danışan sahibkarlar bildirirlər ki, Zakir Fərəcov bu məsələdən sonra o, şöbə müdiri Gündüz Əliyevi yanına çağıraraq, problem həll etməyi tapşırıb. Əliyev isə sahibkarları sakitləşdirmək üçün borcun ən azından yarısını verməyin vacib olduğunu, əks təqdirdə daha çox başlarının ağrıyacağını deyib. Bu söz isə Fərəcovun xoşuna gəlməyib və tərəflər arasında mübahisə yaranıb. Hətta iddialara görə, icra başçısı şöbə müdirini otağından belə qovub.

Hal hazırda Gündüz Əliyev sahibkarları sakitləşdirmək və borc məsələsini yoluna qoymaq üçün onlarla görüş keçirməyə cəhd edir. Lakin iş adamları pulları qaytarılmadığı təqdirdə, hər hansı görüşdə iştirak etməyəcəklərini bildiriblər. Üstəlik, xəbərdarlıq ediblər ki, yaxın günlərdə rəsmi qurumların nümayəndələri ilə görüşərək, problem yenidən qaldıracaqlar.

Son məlumatlara görə, Gündüz Əliyev təkcə, bu problemlə deyil, həm də Sumqayıt Səhiyyə İdarəsində baş mühasib olan və adı 177 min manatlıq yeyintidə keçən bacısının da problemlərini həll etmək məcburiyyətində qalıb. JAMAZ.İNFO-ya verilən məlumata görə, həmin yeyinti məsələsində təkcə, Əliyevin bacısının deyil, elə özünün və icra başçısı Zakir Fərəcovun da adı hallanır.

Xatırladaq ki, 2016-cı ildən bəri yaranan bocr qalmaqalı nəticəsində sahibkarlara müxtəlif işlərin görülməsi müqabilində 10 milyon manat ödənilməlidir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.