Sumqayıt İcra Hakimiyyətinin şöbə müdirinin 5 milyonluq obyekti üzə çıxdı

Bu gün Sumqayıt Şəhər İcra Hakimiyyətinin ərazi ideraetmə şöbəsinin müdiri Gündüz Əliyev və onunla birlikdə Sumqayıt səhiyyəsində yeyintiyə yol vermiş Gülnar Bayramova və Elxan adlı şəxslərin növbəti məhkəmə prosesi keçiriləcək.   Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin apardığı araşdırma zamanı Sumqayıt səhiyyəsində külli miqdarda yeyinti aşkarlanıb.

Belə ki, həmin araşdırma zamanı məlum olub ki, sözügedən şöbə müdiri yaxın qohumu olan baş mühasib Gülnar Bayramova və iş adamı Elxanla əlbir olaraq dövlətin 5.5 milyon manat pulunu mənimsəyib. Rəsmi açıqlamaya görə, Əliyev və digərləri bu pulları mənimsəmək üçün 41 MMC yaradıblar.

Qeyd edək ki, Sumqayıtın icra başçısı Zakir Fərəcovun əsas adamı kimi tanınan və şəhərdəki bütün tenderlərə nəzarət edən Gündüz Əliyevin həbs olunma ehtimalı var. Lakin çox maraqlıdır ki, ağır cinayətdə ittiham olunan bir şəxs indiyə qədər necə vəzifəsində qalıb? Hər gün işə çıxan Əliyev isə deyir ki, ona kimsə heç nə edə bilməz.

Bu əsnada, şöbə müdirinin Sumqayıtda dəyəri 5 milyon manat olan obyektinin fotoları yayılıb. JAMAZ.İNFO-ya verilən məlumata görə, Sumqayıt Bulvarında inşa edilmiş bu obyekt əyləncə məqsəədlidir. Lakin şöbə müdirinin bu qədər bahalı obyekti hansı pullar hesabına inşa etdiyi məlum deyil. Daha doğrusu, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən məlum olacaq ki, Gündüz Əliyev həmin obyekti məhz səhiyyə, təhsil və digər sahələrdən “qazandığı” pulların sayəsində ərsəyə gətirib.

Saytımıza verilən son məlumata görə, Gündüz Əliyev səhiyyədəki yeyinti ilə canını məsuliyyətdən qurtara bilsə də, qarşıda onu daha iki ciddi problem gözləyir. Belə ki, şöbə müdiri Təhsil Idarəsində keçirilən yoxlamalara əsasən də məsuliyyət daşıya bilər. Ilkin məlumatlara görə, həmin idarədə titinti və təmir işləri adı altında 6 milyon manata yaxın yeyinti aşkarlanıb.

Bundan başqa, şəhərdə 2016-cı ildən indiyə qədər həyata keçirilmiş tikinti və yenidənqurma işlərinə görə, yaranmış borc qalmaqalı da Əliyev üçün ciddi problemə çevriləcək. Çünki həmin işləri həyata keçirən iş adamlarının indiyə qədər pulları ödənilməyib. Bu məbləğ isə 10 milyon manata yaxındır.

JAMAZ.İNFO-ya verilən məlumata görə, iş adamları da artıq Gündüz Əliyevdən şikayətçi olublar. Onlar rəsmi qurumlara bununla bağlı müraciət edərək, cinayət işinin qaldırılması ilə bağlı məsələ qaldırıblar. Bizə çatan məlumatlara görə, edilən müraciətlərdə Gündüz Əliyevin iocra başçısı Zakir Fərəcovla bilrlikdə törətdiyi əməllərdən bəhs olunur.