Sumqayıtda polislə azarkeşlər arasında qalmaqal

Futbol-1

Azərbaycan Premyer Liqasının 2014/15-ci il mövsümünün 1-ci turu çərçivəsində Sumqayıtda keçirilən “Sumqayıt” – “Qarabağ” matçında sözün əsl mənasında rüsvayçılıq yaşanıb.

XALQ.AZ-ın məlumatına görə, bəzi kütləvi informasiya vasitələrində bildirilir ki, avqustun 10-da keçirilən oyun zamanı komandalarını dəstəkləmək üçün Sumqayıta gələn bir qrup “Qarabağ” azarkeşi əllərində “Şəhidlər ölməz, vətən bölünməz” pankartını da stadiona keçirmək istəyiblər.

Deyilənlərə görə, azərkeşlər bununla cəbhə xəttində gedən döyüşlərdə şəhid olan əsgərlərimizin ruhuna ehtiramlarını ifadə etmək istəyiblər. Lakin Sumqayıt polisi bu pankartı tribunaya keçirməyə icazə verməyib.

Yayılan informasiyada o da vurğulanır ki, azarkeşlərlə polislər arasında mübahisə yaranıb. Deyilənlərə görə, Sumqayıt polisi “Nə şəhid?! Bizə şəhid lazımdır?! Sizə dedilər ki, yığışdırın bu plakatı”, – deyə azarkeşlərə acıqlanıb.

Əslində nə baş verdiyini öyrənmək üçün Daxili İşlər Nazirliyilə əlaqə yaratdıq. Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov ANS PRESS-ə açıqlamasında belə bir hadisə qeydə alınmadığını bildirib.