“Şuşa artıq bizdədir, Şuşa bizimdir!” – Seyran Səxavət

“Şuşada poeziya günləri lazımi səviyyədə keçirildi. Tədbirdə tanınmış şairlərlə yanaşı, gənc şairlər də iştirak edirdi və bu da çox normaldır. Məgər insan doğulan kimi deyirlər ki, filan kənddə klassik şair doğulub? Nizami Gəncəvi də, Fizuli də o saat tanınmayıblar”.

Bunu yazıçı Seyran Səxavət Şuşada keçirilən Vaqif Poeziya Günləri ilə bağlı danışarkən deyib.

“Şuşada poeziya günləri keçirilirsə, bura qədər bizi gətirib çıxaranlara şükr etmək lazımdır, onların ətəyində namaz qılmaq lazımdır ki, ağlımıza gəlməzdi, yuxumuza da girməzdi ki, Şuşada yenidən poeziya günləri bərpa olunsun və əlinə yeni qələm alanlar, tanınmış şairlər orda iştirak etsinlər. Bunun nəyi pisdir? Şair doğulan kimi demirlər ki, sən Şuşaya gedə bilərsən və yaxud da gedə bilməzsən. Orada gənc yazarlar da var idi, orta yaş da var idi, tanınmışlar da var idi. Ümumilikdə, tədbir çox maraqlı keçdi. Şuşa artıq bizdədir, Şuşa bizimdir!”.