Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə münasibətlərini daha da zirvəyə qaldırdı

Şuşa Bəyannaməsinin Azərbaycanın Milli Qurtuluş günündə imzalanması təsadüf deyil, bu həm Azərbaycan və Türkiyə xalqına, həm də bütün dünya dövlətlərinə mesajdır.

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov TurkicWorld-a özəl açıqlamasında deyib.

“Dünyada Azərbaycan və Türkiyə qədər bütün sferalarda yaxın münasibətlər quran digər dövlətlərə rast gəlmək mümkün deyil. Bu iki dövlət arasındakı münasibətlər dərin köklərə bağlıdır. 15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə münasibətlərini daha da zirvəyə qaldırdı”, -deyə o əlavə edib.

Millət vəkili onu da qeyd edib ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış müttəfiqlik haqqında Şuşa Bəyannaməsi siyasi-diplomatik, milli-mənəvi, həm də hərbi-strateji əhəmiyyət kəsb edir və zaman keçdikcə bəyannamənin müddəaları icra edilir.

“Azərbaycan və Türkiyə müttəfiqliyi daha da genişlənəcək, bu birlik dünyaya sülh və tərəqqi mesajı verəcək”, – deyə V.İskəndərov vurğulayıb.

Qeyd edək ki, Şuşa Bəyannaməsi 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətləri haqqında imzalanan bəyannamədir.