Şuşa Bəyannaməsinin imzalanmasından 2 il ötür

Bu gün Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanmasından 2 il ötür.

Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Bəyannamənin strateji əhəmiyyəti böyükdür.

Ekspertlər bununla bağlı fikirlərini “Mediapost” ilə bölüşüblər.

Millət vəkili Elman Nəsirov bildirib ki, Azərbaycan və Türkiyənin müttəfiqlik əlaqələri ölkəmizə xəbis gözlərlə baxan qüvvələri narahat edir, onların yuxusuna haram qatır. O, həmçinin Şuşa Bəyannaməsinin siyasi əhəmiyyətini şərh edib:

“Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin indiki səviyyəsinin əldə edilməsində də ulu öndər Heydər Əliyevin müstəsna xidməti olub və həmin siyasəti bu günlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan çox böyük uğurla davam etdirir. İki il bundan öncə Şuşada imzalanmış bəyannamə ilə Azərbaycan-Türkiyə əlaqələri de-yure, yəni hüquqi baxımdan da özünün ən yüksək səviyyəsinə yüksəldi. Biz həm də hərbi müttəfiqlər olduq. Bu  Azərbaycanı sevən qüvvələri sevindirir. Azərbaycan xalqı heç bir zaman unutmayacaq ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsində ərazi bütövlüyümüzün təmin edilməsində Türkiyə dövlətinin mənəvi və siyasi dəstəyinin müstəsna rolu oldu. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan müharibənin ilk anlarından bəyan etdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycana münasibətdə  qırmızı xətləri göstərdi. Çox sərt şəkildə ifadə etdi ki, kimlər bu xətti keçərsə, qarşısında Türkiyəni görəcəklər”.

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, bu sənəd əsasında Azərbaycan və Türkiyə müttəfiqliyinin həm də iqtisadi baxımdan gücləndirilməsi əsas hədəflərdən biridir.

“İki il bundan öncə imzalanan Şuşa bəyannaməsi Azərbaycanla Türkiyə arasında əvvəldən mövcud olan müttəfiqliyi rəsmiləşdirdi. 2-ci Qarabağ müharibəsi zamanı da Türkiyə Azərbaycandan siyasi və diplomatik dəstəyini əsirgəmədi. Bu bəyannamə ilə həmçinin iqtisadi və ticari əlaqələr də güclənir. Türkiyənin cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Bakıda olarkən prezident İlham Əliyev vurğuladı ki, bu il rekord sayda- 16 dəfə birgə hərbi təlimlər keçiriləcək. Bunun altısı artıq həyata keçirilib ki, bu da çox önəmlidir. İki ölkənin hərbi sənaye kompleksi ortaq istehsala başlamalıdırlar. Artıq “Bayraqdar” şirkəti ilə razılaşma var, Azərbaycanda pilotsuz uçuş aparatları istehsal olunacaq. “Qızıl Alma” da Azərbaycanın marağındadır. Bəyannamənin əsas bəndlərindən biri də  Ərdoğan da Bakıda səsləndirdiyi kimi, Şuşada Türkiyənin baş konsulluğunun açılmasıdır. Bu da ittifaqın ruhundan xəbər verir. Üstəgəl, Azərbaycanın düşmənlərinə mesajdır ki, Türkiyənin Qarabağdakı varlığı möhkəmlənib. Hesab edirəm ki, Şuşa Bəyannaməsinin bəndləri gələcəkdə sürətlə yerinə yetiriləcək və müttəfiqlik daha da güclənəcək.

Politoloq qeyd edib ki, bu, gələcəkdə Azərbaycana qarşı təxribat etmək niyyətində olanlara da mesajdır:

“Bu güclər anlayacaqlar ki, Azərbaycana qarşı hər hansı bir təxribat edərlərsə, qarşılarında Türkiyəni və Türkiyə-Azərbaycan İttifaqını görəcəklər”.