“Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmayıb” – Anar Məmmədov

İyulun 21-də mədəniyyət paytaxtımız Şuşa “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumuna ev sahibliyi etdi. “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə keçirilən Forum Prezident İlham Əliyevin dərin məzmunlu çıxışı ilə yadda qaldı. Konfransda Azərbaycanın region və dünyadakı rolu vurğulandı, həmçinin dövlətimiz üçün prioritet olan istiqamətlər bir daha yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.

Prezident İlham Əliyevin Qlobal Media Forumunda çıxışı müasir Azərbaycan və dünya reallıqlarının təhlili baxımından ciddi əhəmiyyət kəsb edirdi. Forumun məhz Şuşada keçirilməsi və Azərbaycan Prezidentinin bu mötəbər tədbirdən verdiyi mesajlar diqqət cəlb edir. Dövlətimizin başçısı ölkəmizdə və dünyada baş verənlərə strateji yanaşmasını nümayiş etdirdi, yerli və qlobal xarakterli problemlərin həlli yollarına dair fikirlərini səsləndirdi.

Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov söyləyib.

O bildirib ki, böyük Zəfərimizdən keçən qısa bir zaman kəsiyində Şuşa şəhərinin bir neçə dəfə mədəni, siyasi və intellektual hadisəyə ev sahibliyi etməsi, şübhəsiz ki, Azərbaycanın böyük uğurudur. Bu o deməkdir ki, Azərbaycan uzun illərdən bəri Ermənistan, erməni diasporu və onların çoxsaylı himayədarlarının cəhdlərinə baxmayaraq, öz danılmaz haqqının bütün dünyada qəbul edilməsinə nail olub. Artıq erməni yalanları ayaq tutub yeriyə bilmir. Çünki müzəffər ordumuz erməni yalanlarını da, qondarma iddialarını da darmadağın edib və onları öz gerçək obrazları və saxta tarixləri ilə qarşı-qarşıya qoyub. Bu xüsusda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyi Prezident İlham Əliyevin çıxışında yer alan mühüm məqamlar sırasında idi. Dövlətimizin başçısı qeyd etdi ki, sülh müqaviləsinin imzalanması bütün regionda sabitliyin və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyətə malikdir.

“Dövlətimizin başçısının çıxışında Ermənistan və havadarlarına ismarışlar da vardı və onlar bundan mütləq nəticə çıxarmalıdırlar. Prezident, həmçinin məğlub Ermənistana, onun havadarlarına və separatçı qüvvələrə xəbərdarlıq etdi. Cənubi Qafqazın inkişafı əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Bildirildi ki, Ermənistan Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina edərsə, ilin sonuna qədər sülh sazişinin imzalanması mümkündür.

Xarici və yerli media nümayəndələrinin suallarını cavablandıran Prezident İlham Əliyev öncə Forum iştirakçılarına bir daha bəyan etdi ki, üzərində gəzdikləri torpaq qədim Azərbaycan yurdudur. Əgər Şuşa erməni şəhəri olsaydı, 30 il ərzində haylar bu şəhərin simasını mütləq dəyişərdilər. Amma Şuşa işğaldan azad ediləndə dünya onun acınacaqlı vəziyyətinə şahidlik etdi. Dövlətimizin başçısı vurğuladı ki, işğaldan azad olunan digər ərazilərimiz kimi, Şuşa şəhəri də demək olar tamamilə dağıdılmışdı. Bu da o anlamı verir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmayıb. Doğma şəhəri dağıtmırlar, qururlar, inkişaf etdirirlər”, – deyə A.Məmmədov bildirib.

Deputat qeyd edib ki, iyulun 22-də öz işini sessiyalarla davam etdirən Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə aktual olan məsələlər müzakirə edildi. Dövlətimizin başçısı İlham Əliyevin ölkə mediası ilə bağlı söylədiyi fikirlərin yol xəritəsi rolunu oynadığını vurğulayan A.Məmmədov deyib: “Ümid edirik ki, mətbuat postmünaqişə dövrünün reallıqlarının qarşıya qoyduğu tələbləri yerinə yetirəcək, qlobal çağırışları yüksək səviyyədə cavablandırmaq üçün səylərini daha da artıracaq. Prezident İlham Əliyev Forumda təkcə öz xalqının deyil, bütövlükdə regionda yaşayan bütün xalqların daha yaxşı, daha təhlükəsiz yaşaması üçün zəruri olaraq atılacaq addımları göstərdi, ortaq hədəfləri nişan verdi. Azərbaycan Prezidentinin baxış bucağına görə, regionun heç bir dövləti və xalqı qarşılıqlı münasibətləri inkişaf etdirmədən, etibarlı münasibətlər sistemi formalaşdırmadan uzunmüddətli inkişafa və dayanıqlı sabitliyə nail ola bilməz. Problemlərin həlli yolu qarşılıqlı əməkdaşlıqda, problemlərin həlli istiqamətində birgə fəaliyyət göstərməkdədir”.

Deputat vurğulayıb ki, Azərbaycan liderinin Şuşada keçirilən Forumda səsləndirdiyi fikirlər həm Ermənistan, həm də sülh təşəbbüsündə olan ölkə və təşkilatlar tərəfindən bir daha ciddi təhlil edilməli və nəticə çıxarılmalıdır.