Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin 1 yaşı tamam oldu

Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin yaradılmasından bir il keçir.

XALQ.AZ xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il 22 iyun tarixli Fərmanı ilə “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsi yaradılıb.

Həmin fərmanla Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin 1 000 000 manat olan nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşıb.

Bu fərmanla İdarə tərəfindən dövlət əmlakının icarəyə verilməsindən alınan haqqın 50 (əlli) faizi dövlət büdcəsinə köçürülür, qalan hissəsi İdarənin sərəncamında qalır.

İdarənin fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün 3 üzvdən – sədr və onun 2 müavinindən ibarət İdarə Heyəti yaradılıb.

Ölkə başçısının 16 iyul 2021-ci il tarixli sərəncamı ilə Məftun Qurban oğlu Abbasov Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

Xatırladaq ki, 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan olunub.

Şuşa 8 may 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu.

Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatı nəticəsində Şuşa şəhəri 8 noyabr 2020-ci ildə düşməndən azad olunub.

Şuşa şəhərinin əsası 18-ci əsrin ortalarında qoyulub. Tarixi mənbələrə görə, Qarabağ xanı Pənahəli xan aramsız hücumlardan qorunmaq üçün 1750-ci illərdə Bayat və Şahbulaq adlı qalalar tikdirsə də, bu qalalardan heç biri xanlığı fasiləsiz müharibələrdən qoruya bilmir.

Dəniz səviyyəsindən 1300-1600 metr hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylası bu tələblərə tam cavab verdiyi üçün Pənahəli xan şəhəri elə burda salır. Şəhər əvvəlcə onun şərəfinə Pənahabad adlanıb.

XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşanı “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırılıb.Şuşa şəhəri təbiəti və saf havasına görə və müalicəvi əhəmiyyətinə görə kurort şəhəri hesab olunub.

Şuşa 1930-cu ildə inzibati rayon statusu alıb. Mərkəzi Şuşa şəhəridir. Dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən Şuşa və ətrafındakı dağlıq ərazi Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir. Xankəndi şəhərinə gedən “Laçın dəhlizi” də buradan keçir.

Azərbaycanın Üzeyir Hacıbəyov, Bülbül, Xan Şuşinski, Firudin bəy Köçərli, Əbdürrəhim bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Xurşidbanu Natəvan, Həmidə xanm Cavanşir, Əhməd bəy Ağaoğlu kimi məşhur ziyalıları, sənətçiləri əslən Şuşadandırlar.

289 kvadratkilometr ərazisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa şəhərinin işğalı zamanı 195 nəfər həlak olub, 165 nəfər yaralanıb. Bundan başqa 55 nəfər əsir düşüb və ya ya girov götürülüb. İşğal nəticəsində 22 minə yaxın insan məcburi köçkün düşüb.

Ermənilərin təcavüzü nəticəsində Şuşanın 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilib, yandırılıb və dağıdılıb.