Təəssüf ki, bu qələbəmizi həzm edə bilməyənlər var

Mövzu ilə bağlı millət vəkili Tamam Cəfərova   açıqlamasında təəssüratlarını bildirib:
“Həmişə olduğu kimi postpandemiya dövrü də daxil olmaqla, Azərbaycan qlobal tədbirlərə ev sahibliyi missiyasını uğurla həyata keçirir. Artıq Azərbaycan qlobal problemlərin müzakirə olunduğu, həlli yollarının axtarıldığı məkandır. Əminliklə deyə bilərik ki, ölkəmizin bu istiqamətdə beynəlxalq arenada çəkisi get-gedə daha da artır. XI Qlobal Bakı Forumu da bunun bariz nümunələrindən biridir”.
Deputat bildirib ki, tədbirdə çıxış edən cənab Prezident bir çox mühüm mesajlar verərək beynəlxalq ictimaiyyət üçün olduqca vacib olan məsələlərə toxunub:
“Ölkə başçısı nitqində Azərbaycan-Ermənistan münasibətlərinə və beynəlxalq vasitəçilərin fəalliyyətsizliyinə xüsusilə toxunub. Xüsusən regionda baş verən dəyişikliklərin lokal xarakterli olmadığı barədə önəmli mesajlar verib. O, deyib: “Regionumuzdakı dəyişikliklər lokal xarakterli kimi görünə bilər, əslində isə, onların daha geniş fəsadları var. Bir il bundan əvvəl burada ötən görüşümüzdən bu yana baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır.”
Bəli, Azərbaycan hərbi-siyasi yolla ərazi bütövlüyünü, daha sonra da antiterror əməliyyatı ilə dövlət suverenliyini  tam bərpa etdi və bu dünyada həll olunmayan münaqişələrin həlli üçün model olaraq istifadə edilə bilər. Şübhəsiz ki, ötən 3-4 ildə Azərbaycanda baş verən hadisələr yalnız lokal xarakter daşımır.
Azərbaycan uzun illər ərzində münaqişənin sülh yolu ilə həllini tapmaq üçün fəaliyyət göstərdi. ATƏT-in Minsk qrupu 30 ilə yaxın bir dövr ərzində öz fəaliyyətsizliyi, faktiki nizamlama prosesini dondurmaqla, real təkliflər və təsiredici mexanizm ortaya qoymadan vaxt uzatmaqla özü-özünü proseslərdən kənarlaşdırdı. Minsk qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür. Yəni, onlar dünya miqyasında ən güclü ölkələr sayılır və həmin ölkələr tərəfindən beynəlxalq hüququn tələblərinə uyğun olaraq Ermənistana qarşı sanksiyalar tətbiq edilə, beynəlxalq təşkilatların sanksiyaları savaşın qarşısını ala bilərdi. Çünki bu sanksiyalar Ermənistan üçün böyük çətinliklər yaşadacaqdı və onlar məcbur olub bizim torpağımızdan çıxacaqdılar. Ancaq Minsk qrupu bunu edə bilmədi və ya etmək istəmədi. Rəsmi İrəvan da 30 il ərzində münaqişənin sülh yolu ilə həll olunmasından yayındı. 28 ildən sonra Azərbaycan məcbur qalaraq BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edərək 44 gün ərzində torpaqlarını işğaldan azad etdi. Torpaqları azad edəndən sonra aydın oldu ki, ATƏT-in Minsk qrupunun gözü önündə bu illər ərzində Azərbaycan torpaqları, işğal altındakı ərazilərin təbii resursları talan olunub, ekoloji terror həyata keçirilib. Azərbaycan 44 günlük müharibədə öz torpaqlarını işğaldan azad etməklə yanaşı, dünyada qəbul edilən iribüdcəli sülhyaratma “infrastrukturunun” və nizamlanma mexanizminin yararsız olduğunu bütün dünyaya göstərdi. Münaqişənin niyə sülh yolu ilə həll olunmamasının əsas səbəbi Ermənistan hökumətlərinin 1990-cı illərin əvvəllərindən başlayaraq bu günə kimi qeyri-konstruktiv mövqeyi idi. Cənab Prezident xüsusilə qeyd edib ki, “Dünyanın aparıcı paytaxtlarından bizə mütəmadi olaraq göndərilən başqa bir mesaj da var idi ki, münaqişənin hərbi yolla həlli yoxdur. Əgər alternativ işğalla razılaşmaq, bizim beynəlxalq səviyyədə tanınan ərazilərimizin təqribən 20 faizində separatçı rejimin mövcudluğu ilə razılaşmaqdırsa, bu, bizim razılaşa biləcəyimiz məsələ deyil.” Bəli, Azərbaycan heç vaxt işğalla barışa bilməzdi və barışmadı da. Nəticədə, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olundu. İndi isə, Azərbaycan Ermənistanla heç vaxt olmadığı qədər sülhə yaxındır. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir”.
Millət vəkili qeyd edib ki, ölkəmizin haqlı mübarizəsini və qələbəsini qəbul edən və Azərbaycanın haqlı olduğunu düşünən, dəstəkləyən dövlətlər və qüvvələr olduğu kimi, təəssüf ki, bu qələbəni həzm edə bilməyən qüvvələr də az deyil:
“Xüsusilə, keçmiş Minsk qrupunun həmsədr dövlətlərindən olan Fransanın ölkəmizə qarşı qeyri-adekvat münasibəti iki ölkə arasında əlaqələrə ciddi zərbə vurur. Beləki, 1990-cı illərin əvvəlindən Azərbaycan və Fransa arasında münasibətlər müsbət istiqamətdə inkişaf edib. Çoxsaylı yüksək səviyyəli səfərlər baş tutub, biznes sahəsində fəal təmaslar olub. İki ölkənin 13 şəhəri digəri ilə qardaşlaşma münasibətlərinə malik olub. Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu. Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi.  Fransa  nə 30 illik işğal dövründə münaqişənin bitməsi istiqamətində qəti addım atdı, nə də İkinci Qarabağ müharibəsindən sonra iki dövlət arasında sülhə nail olmaq üçün cəhd göstərdi. Əksinə, Ermənistanı yenidən silahlandırıb, münaqişə ocaqları yaratmağa çalışır. Makron hakimiyyətinin xəbis niyyəti bununla bitmir. Məsələn, bir müddət əvvəl Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın bu ölkədə ucaldılmış abidəsinə qarşı təhqiramiz hərəkətlər törədildi. Bu vandalizm aktıdır. Fransa kimi  özünü mənəvi lider kimi qələmə verən  ölkədə belə hallar qəbuledilməzdir.
Əlbəttə, bütün bunlar Azərbaycanafobiyanın, islamafobiyanın, türkofobiyanın və erməni lobbisinin əlində oyuncağa çevrilmiş Makron hökümətinin səriştəsizliyinin nəticəsidir. Fransa və ölkəmizə qarşı olan bütün digər qüvvələr bilməlidir ki, nə qədər ədalətsiz, qərəzli, ikili standartlar nümayiş etdirsələr də bunun Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Həqiqət odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib və bunu heç bir qüvvə şübhə altına ala bilməz. Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi altında milli maraqlarından irəli gələn bütün məsələləri uğurla həyata keçirib və bu siyasət davam edəcək. XI Qlobal Bakı Forumu kimi mötəbər bir tədbirdə ölkə Başçısının qeyd etdiyi məqamlar bir daha onu deməyə əsas verir ki, beynəlxalq münasibətlər sistemində yeni yanaşmalara, bütün dünya xalqlarının mənafeyinin qorunmasına və dayanıqlı sülh sisteminin təşkil olunması üçün yeni çağırışlara ciddi ehtiyac var. Bu baxımdan Nizami Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən və artıq müsbət bir ənənəyə çevrilmiş Qlobal Bakı Forumu olduqca mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biridir”.