“Təhsil haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun təhsil sahəsində növbəti uğurların təməli olacaq” – Deputat

“Hər kəsə məlumdur ki, hər bir cəmiyyətin perspektivliyi, bütün strukturun inkişafı təhsildən asılıdır. Bu səbəbdəndir ki, dövlət başçısı da bu sahəyə xüsusi diqqət ayırır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 24 iyul tarixində imzaladığı “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun təhsil sahəsində növbəti uğurların təməli olacaq”.

Bunu deputat Müşfiq Cəfərov bildirib.

“Məlumdur ki, son illər Elm və Təhsil nazirliyinin həyata keçirdiyi sertifikatlaşdırma təhsil müəssisələrində çalışan şəxslərin maddi stimullaşdırılması və peşəkar inkişafına əsaslı şərait yaratdı. Gündən-günə daha peşəkar, savadlı müəllimlərin sayı artır. Həqiqətən də xoş mənzərədir ki, imtahanlarda kifayət qədər yüksək bal toplayan müəllimlər olur. Mən əminəm ki, valideynlər də bu nəticələrdən razıdır. Çünki hər birimiz arzu edərik ki, övladlarımız məktəbdə savadlı kadrlar tərəfindən təhsil alsın. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin səlahiyyətlərinə yeni vəzifələrin verilməsi də yerində addım oldu. Bununla həm əvvəlcə kiçik qurum kimi qalan agentliyin iş prinsipi və tərkibi daha da zənginləşəcək, həm də bir növ nazirliyin yükü azalacaq. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ayrı-ayrı sahələrə nəzarət etməklə bundan sonra nazirliyin ali və orta məktəblərdə funksionallığını daha da artıracaq. Elm və Təhsil Nazirliyinin yeni strukturu idarəçiliyin daha da təkminləşdirilməsinə və təhsildə faydalı iş əmsalına hədəflənib”, – M.Cəfərov qeyd edib.