Təhsilimiz niyə bu gündədir? – TƏHLİL

Prezidentin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Əsasnaməsində dəyişiklik edərək Təhsil Nazirliyinin bir sıra səlahiyyətlərinin bu quruma verilməsi haqqındakı 19 aprel fərmanı bir sıra təhsil işçiləri tərəfindən bu sahədəki islahatlar kimi dəyərləndirilməkdədir.

Ancaq son bir həftədə media qurumları və bu sahəylə yaxından – uzaqdan bağlı olan bəzi ekspertlər isə bunu Məleykə Abbaszadənin Misir Mərdanov üzərindəki qələbəsi kimi təqdim edirlər.  

Həmin sənədə əsasən orta məktəblərin buraxılış imtahanlarının keçirilməsi Təhsil Nazirliyindən alınaraq TQDK – ya verildi, eyni zamanda dərsliklərin, dərs və digər tədris vasitələrinin elmi – metodiki monitorinqini həyata keçirmək də TQDK – ya həvalə edildi.

Bunun Məleykə Abbaszadənin Misir Mərdanov üzərində qələbə kimi çalar verilməsi başadüşüləndir. Çünki uzun illərdi ki, ölkənin təhsil sferasına cavabdeh olan bu iki məmur arasında bəzən qarşıdurma açıq müstəviyə keçib. Qarşılıqlı ittihamlar, yeri düşdükcə biri-birinə dolayısıyla atmacalar ünvanlamaq kimi məqamların hər birimiz şahidi olmuşuq.

Ötən ilin sentyabrın ilk günlərində təhsil nazirinin üç müavininin vəzifəsindən kənarlaşdırılması barədə prezident sərəncamı imzalananadək bu məsələ daha çox “mövsümi atəşkəs”lərlə müşayiət olundu. Ancaq müavinlərini itirən təhsil nazirinin öz nüfuzu da geriləməyə başladı. Bundan sonra belə rəy yarandı ki, nazir rəhbərliyin qəzəbinə gəlib.

İstənilən halda ötən ilin sentyabrından Misir Mərdanovun qürubuna start verildi və onun mövqelərinin zəifləməsi ictimai rəydə TQDK sədri üçün əlavə manevr imkanları yaratdı.. Prezidentin 19 aprel tarixli fərmanı isə bu savaşın hələlik son akkordu oldu və Məleykə Abbaszadə – Misir Mərdanov duelinin birinci mərhələsinin TQDK sədrinin qələbəsiylə yekunlaşmasına səbəb oldu.

Ancaq birmənalı olaraq qeyd edilməlidir ki, bu savaş nəinki hələ bitməyib, əksinə, gözləmək olar ki, bir neçə aydan sonra orta məktəblərin buraxılış  və qəbul imtahanlarının nəticələri saf – çürük edilərək ötən illərin statistikasıyla tutuşdurularkən əsl mərəkə qopacaq və qarşılıqlı ittihamlar bir – birini əvəz edəcək.  Doğrudan da orta məktəblərin buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada məhz TQDK – nın çətiri altında keçirilməsi indidən onu deməyə əsas verir ki, ola bilsin məzunların 60 – 70 faizi attestat almaqdan məhrum olsun və loru dildə desək, ali məktəblərə qəbul olunmağa abituriyent tapılmasın və ya ciddi çatışmazlıq nəzərə çarpsın. O zaman Məleykə Abbaszadə yenə də adətinə uyğun olaraq medianın pişvazına çıxaraq “gördünüzmü mən deyən doğru çıxdı” deyəcək, orta məktəblərdə tədrisin səviyyəsini tənqid edərək günahkarların ciddi cəzalandırılmasını tələb edəcək, bu zaman bütün diqqətlər yenə də Misir Mərdanova fokuslanacaq, hamı onu “vətən xaini”, “millətin gələcəyinin qənimi” kimi qəbul edəcək, daha doğrusu, TQDK sədrinin məqsədli təqdimatından sonra başqa cür düşünmək üçün fürsət qalmayacaq.

Məhz ondan sonra bu mübarizə həmişə olduğu kimi yenə də təhsil sisteminin başında çatlayacaq, bundan ən çox ziyan çəkənsə yenə də övladına repetitor təhsili vermək iqtidarında olmayan milyonlarla valideyn ordusu olacaq.

Çox güman ki, bəzi dayazdüşüncəli və əslində problemin mahiyyətindən bixəbər insanlar bu yazını Misir Mərdanovun dəstəklənməsi və Məleykə Abbaszadənin xidmətlərinə kölgə salınması cəhdi kimi qələmə verməyə çalışacaqlar. Bu cür bədgümanlıq təkcə müəllifin ehtimalları deyil, həım də ötənlərdə ölkənin təhsil problemləriylə bağlı mətbuatda getmiş yazılara bəzi ağzıgöyçəklər tərəfindən sərgilənən qərəzli yanaşmalardan irəli gəlır. Ancaq belələri bilməlidir ki, bizim düçüncəmiz Misir Mərdanov və ya Məleykə Abbaszadə davası deyil, biz şəxsləri gəldi – gedər hesab edirik və ölkənin, millətin gələcəyinin kimlərinsə kaprizinə qurban verilməsinə sadəcə seyrçi kimi qalmaq istəmədiyimizdən gücümüz çatdığı qədər həyəcan təbili çalmaq istəyirik ki, ölkəni idarə edənlər, təhsil siyasətini yönləndirən bəylər və ya xanımlar bu biabırçılığa son qoysunlar.

Ancaq təəssüflə qeyd etməyə bilmirik ki, görünən mənzərə və müşahidələrimiz millətin gələcəyi hesab olunan bu sahənin hələ də tənəzzülə doğru getdiyini deməyə əsas verir. Axı normal məntiqlə düşünən hər bir kəs aydın görür ki, bu gün ölkə təhsilinin problemləri Misir Mərdanovla və ya Məleykə Abbszadənin ittihamlarıyla məhdudlaşmır. Məgər sabah bu gün özünü az qala milli qəhrəman və təhsil cəfakeşi kimi ictimai rəyə təqdim etmək istəyən və bəzi hallarda hətta buna nail olan Məleykə Abbaszadə təhsil naziri təyin edilsə, fərqli nə baş verəcək ki?

Məleykə xanım hətta səmimi şəkildə istəsə (şəxsən müəllif buna şübhə etmir), gecəsini gündüzünə qatıb təhsildəki çoxsaylı neqativləri aradan qaldırmağa çalışsa belə, əminliklə söyləmək olar ki, o buna nail ola bilməyəcək, sonda ya istefa verib üzüsulu kənara çəkiləcək, ya da bezdirici müdaxilələrdən usanaraq yeni “Misir Mərdanov” olacaq. Çünki problem personaların şəxsi keyfiyyətlərində və peşəkarlıq səviyyəsində deyil, ölkəni cənginə almış rüşvətxorluqda və lap yuxarıdan başlayan yarıtmaz idarəetmə sistemindədir. Diqqət yetirək, Azərbaycan vətəndaşı bu dünyaya məhz rüşvət verilməklə gəlir və hələ doğum evindən obrazlı desək, onu ana südündən qabaq rüşvətlə mayalandırırlar. Bundan sonra məktəbəqədər təhsil dönəmi başlayır və yalnız rüşvət hesabına uşaq körpələr evinə və ya bağçaya qəbul edilir. Hamı da bilir ki, məktəbəqədər təhsil sferası əvvəllər qanunla Təhsil Nazirliyinin tabeçiliyində olduğu dönəmlərdə də, indilərdə yerli icra hakimiyyətlərinin balansına verildiyi vaxtlarda da hər zaman müvafiq rayon icra başçılarının birbaşa nəzarətində olub və həmin müəssisələrin rəhbərləri bir qayda olaraq iriçaplı məmurların, deputatların adamları olublar. Məgər Məleykə xanım bunları işdən kənarlaşdırmaq gücündədirmi? Yaxud ölkə təhsilinin bu günə düşməsinin əsas baiskarları olan məktəb direktorlarıni kim təyin edib vəzifədən kənarlaşdırır? Təbii ki, yenə iriçaplı məmurlar, ən aşağısı icra başçıları… Hətta bir çox hallarda heç Təhsli Nazirliyinin mövqeyini də nəzərə almağı lazım bilmirlər və onların etirazlarına əhəmiyyət verilmir. Yoxsa Məleykə xanım sabah təhsil naziri olsa, bunadamı əncam çəkəcək, daha doğrusu, bu boyda axına qarşı getmək gücündə olacaqmı? Qətiyyətlə söyləmək olar ki, xeyr!!!

Problemi elə mürəkkəbləşdirib qəlizləşdiriblər ki, bu sahəylə bağlı yüz sənədlə nəzərəçarpacaq nəticə əldə etmək mümkün olmayacaq. Əlbəttə bütün bu bədgümanlıq və bədbin ovqatdan çıxan nəticə budur, nə etməli, millətin gələcəyini bu bataqlıqdan necə xilas etməli? Heç şübhəsiz, bunun üçün sözün həqiqi mənasında təhsildə inqilabi dəyişikliklərin baş verməsi tələb olunur. İdarəetmədəki çoxhakimiyyətlilik aradan qaldırılsın, bağça rəhbərliyindən tutumuş məktəb direktorlarına, ali məktəb rektorlarınadək bütün həlledici postlara vicdanlı və gerçəkdən şəffaf seçkilər keçirilsin və digər profilaktik tədbirlər görülsün. Yalnız o halda nəyəsə nail olmaq olar. Ancaq hələlik görünən odur ki, yazdıqlarımız sadəcə “jurnalistin arzuları” olaraq qalacaq. “Nə vaxta qədər” sualına cavab tapmaqsa oxucuların ixtiyarındadır…