“Təkcə Azərbaycan deyil, həmçinin Türkiyə də bu məsələdə öz sözünü deməlidir” – Professor

Ermənistan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə – Arazdəyəndə ABŞ sərmayəsi ilə iri metallurgiya zavodu inşa etməyə hazırlaşır. Vaxtilə Arazdəyən-Culfa-Ordubad-Meğri-Horadiz xətti üzrə Araz çayı boyunca dəmir yolu işlək olub. Ərazidə zavodun tikintisinə 70 milyon dollar Amerika sərmayəsinin qoyuluşu nəzərdə tutulur.

Məhz bu bölgədə ağır sənaye zavodunun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq.

Xatırladaq ki, Finlandiyanın Espo şəhərində imzalanmış “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”nın şərtlərinə görə, konvensiya tərəfi öz ölkə ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri ola bilərsə, bu fəaliyyət həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalıdır, ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır. Yəni hazırlanan qiymətləndirmə sənədinə yalnız Ermənistan deyil, eyni zamanda Azərbaycanın müvafiq qurumları baxmalı, bölgəyə yaxın yaşayan azərbaycanlılarla da ictimai dinləmələr keçirilməlidir.

Mütəxəssislər qeyd edir ki, Ermənistanın bu addımı ilə bağlı beynəlxalq səviyyədə çağırışlar edilməli, təkcə Azərbaycan deyil, həmçinin Türkiyə də bu məsələdə öz sözünü deməlidir.

Coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov mövzu ilə bağlı  danışıb:

“Hər hansı bir müəssisə yerləşdirilərkən hərtərəfli, o cümlədən iqtisadi, siyasi və ekoloji qiymətləndirilmə aparılmalı, müəyyən edilməlidir ki, xammal bazası hardandır və s. Məlum olduğu kimi, əlvan metallurgiya çox tutumlu sahədir. Bunun üçün böyük həcmdə su, keyfiyyətli xammal ehtiyatları olmalıdır. Ekoloji fəsadlarının nə dərəcə olacağını müəyyənləşdirmək üçün isə araşdırılma aparılmalıdır, müəyyən etmək lazımdır ki, onun gücü, həcmi nə qədər olacaq, tullantılar hara axıdılacaq. Əgər o tullantılar Araz çayına axıdılarsa, təbii ki, həm ekoloji, həm də qida təhlükəsizliyinə mənfi təsir göstərəcək. Belə olan təqdirdə beynəlxalq səviyyədə çağırışlar edilməlidir”.