Tahir Mirkişili: “Dərmanların qiymətinin baha olması…”

Tarif Şurası dərmanların qiymətini deyil, qiymətlərin yuxarı həddini təyin etsə daha yaxşı olar.

XALQ.AZ xəbər verir ki, bunu parlamentin bugünkü iclasında “Dərman vasitələri haqqında” qanuna təklif olunan dəyişikliklərin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, dərmanların qiymətinin baha olmasının səbəbləri istiqamətində aparılan araşdırmalara görə, ölkədə bəzi dərman vasitələrinin qiymətləri həqiqətən də dəfələrlə yüksəkdir, qıtlıq var, beynəlxalq şirkətlər ölkəni tərk edir:

“Səbəblər arasında isə qeydiyyat prosesinin kifayət qədər çətin olması, ekspertizanın tam şəfaf olmaması, Tarif Şurasının qiyməti birbaşa təyin etməsi və s. məsələlər yer alıb. Hiss olunur ki, adıçəkilən qanuna təklif edilən dəyişikliklər hazırlanarkən bu məsələlər dərindən təhlil olunub. Təklif edirəm ki, qanunda Tarif Şurasının artıq dərmanların qiymətini deyil, qiymətlərin yuxarı həddini müəyyən etsin. İqtisadiyyatda belə yanaşma var ki, əgər siz hər hansı məhsulun qıtlığına nail olmaq istəyirsinizsə, onun qiymət təyin edin”.