Tamam Cəfərova: “İşğaldan azad olunan rayonlarımızı birlikdə bərpa edəcəyik”

Müasir Azərbaycan tarixinin ən keşməkeşli dövrü torpaqlarımızın 20 faizinin erməni işğalına və vandalizminə məruz qaldığı illərdir. Artıq torpaqlarımız düşmən işğalından azad olunub. Biz bundan sonra rayonlarımızın, ərazilərimizin işğal gününü deyil, əsarətdən azad olunduğu tarixləri qeyd edəcəyik.

Bunu açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, 1993-cü il aprelin 2-də Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı Azərbaycan xalqı üçün böyük faciə idi. Belə ki, Kəlbəcərin işğal altına düşməsi Ermənistana sonrakı işğalçılıq siyasətində böyük üstünlüklər vermiş, Ermənistanla Dağlıq Qarabağ arasında Kəlbəcər ərazisindən keçən bir çox yollar vasitəsilə əlaqə yaradılmış, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdi. “Kəlbəcər rayonunun işğalı həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün yarıtmazlığı, siyasi savadsızlığı və xəyanəti nəticəsində baş verdi. 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, bəlkə də bunlar baş verməzdi. Kəlbəcərin işğalında onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyırlar”, – deyən T.Cəfərova qeyd edib ki, heç şübhəsiz, Kəlbəcər rayonunun işğalı həmin dövrdə Azərbaycandakı anarxiya, xaos və özbaşınalığın, eləcə də hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsizliyinin və yalnız öz şəxsi mənafelərini güdmələrinin nəticəsi idi.

“Azərbaycan Prezidenti İlham Əliyevin cəsarətli, prinsipial, düşünülmüş siyasəti, Ordumuzun gücü, xalqımızın birliyi və həmrəyliyi nəticəsində Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də siyasi yolla Azərbaycana təhvil verildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi, diplomatik müstəvidə də qələbəsinin təsdiqi idi. Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə Qarabağla bağlı bütün qətnamələrini faktiki olaraq özü hərbi-siyasi yolla yerinə yetirmiş oldu”, – deyə deputat vurğulayıb.

O, həmçinin deyib: “Sözsüz ki, erməni vandallarının mülki əhaliyə qarşı törətdikləri vəhşiliklər, qəddarlıqlar heç zaman unudulmayacaq. Başlıbel faciəsi erməni faşistlərinin Kəlbəcərin işğalı zaman azərbaycanlılara qarşı törətdikləri qanlı faciələrdən yalnız biridir. Xatırladım ki, Kəlbəcər rayonu işğal edilən zaman 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 73 sakini kəndi vaxtında tərk edə bilməyib. Həmin 73 nəfərin bir qismi erməni vandalları tərəfindən vəhşicəsinə qətlə yetirilib, digərləri isə dözülməz zülmə məruz qalaraq, yalnız gecələr hərəkət etməklə, dağ yolları ilə Ermənistan ordusunun mühasirəsindən xilas ola biliblər”.

Tamam Cəfərova bildirib ki, işğaldan azad olunan Kəlbəcərdə faşist ermənilər bütün infrastrukturu, yaşayış yerlərini dağıdıb, mədəni və dini abidələri məhv edib, meşələri qırıb, ekoloji terror həyata keçirib. Hətta rayonu tərk edən vaxt azərbaycanlılar arasında daha çox itkiyə nail olmaq üçün əraziləri, mülki obyektləri yenidən minalayıblar. Bütün bunlara baxmayaraq, Azərbaycan qurub-yaradan bir dövlət olaraq Kəlbəcəri də yenidən inşa edəcək. Kəlbəcər füsunkar təbiəti ilə yenidən qonaqlarını qəbul edəcək.