Tamam Cəfərova şəhid ailələri və qaziləri ziyarət edir

Yanvar ayının 4-dən başlayaraq millət vəkili Tamam Cəfərova Şamaxı rayonunda şəhid ailələri və qaziləri ziyarət edir.

XALQ.AZ xəbər verir ki, Milli Məclisin deputatı Tamam Cəfərova ilk öncə Şamaxı şəhərində Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin məzarlarına gül dəstələri qoyub.
Üç gün ərzində millət vəkili 20-yə yaxın şəhid ailəsi ilə görüşüb, onlara başsağlığı verib, cənab Prezident İlham Əliyevin və birinci vitse-Prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdikləri yüksək diqqət və qayğı haqqında ətraflı mlumat verib və bildirib ki, şəhid ailələri və qazilərimiz hər zaman dövətin qayğısı ilə əhatə olunub , bundan sonra da olunacaqlar.
Millət vəkili qeyd edib ki, Qarabağımız Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin qanı-canı bahasına azad olunub. Şəhidlərimiz Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
T. Cəfərova xüsusilə vurğulayıb ki, şəhidlərimiz müqəddəs bayrağımızı azad edilmiş şəhər və kəndlərimizdə dalğalandıraraq, başda Ali Baş Komandanımız olmaqla Silahlı Qüvvələrimizin qüdrətini, xalqımızın birliyini dünyaya göstərdi. Ordumuz əcdadımızdan gələn hərb ənənələrini texnoloji yeniliklərin tətbiqi ilə zənginləşdirərək, Ermənistanın 30 ilə yaxın formalaşdırmağa çalışdığı saxta mifləri 44 gün içində darmadağın etdi.
Şəhid ailələri dövlətin onlara göstərdiyi diqqət və qayğıdan məmnun olduqlarını bildiriblər.
Bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Müalicəsi davam edən hərbçilərimizin tezliklə normal həyata reabilitasiya olmasını arzu edirik.
Həmçinin qeyd etməliyik ki, deputat Tamam Cəfərovanın Şamaxı rayonunda şəhid ailələri, qazilər və evlərinə qayıdan əsgərlərlə görüşləri davam edir.

XALQ.AZ