“Tariximiz qəhrəmanlıqlar tarixidir” – Deputat

Hər gün tarixdir, ancaq hər gün tarixi gün deyil. 31 dekabr yeni il kimi qeyd olunurdu. Azərbaycançılıq məfkurəsinə görə, milli-azadlıq hərəkatına görə, xalqın dövlətçiliyə sədaqətinə görə, zaman anlamında tarixi keçmişə sədaqətinə görə 31 dekabr həm də tarixin bir günündən ayrılıb tarixi bir gün kimi yaşadılır.

Naxçıvanda xalqın ruhunun tələbi kimi “Sərhəd hərəkatı” adı ilə müəyyən aksiyalar həyata keçirilirdi. 1989-cu il dekabrın axırlarında Naxçıvanda Şimali Azərbaycanla, yəni Arazın bu tayı ilə Cənubi Azərbaycan, yəni Arazın o tayı arasında sərhəd dağıdıldı, sərhəd dirəkləri söküldü. On illərlə doğmalarından ayrı düşənlər qovuşdu, həsrət ruh doğma ruhlarına qovuşdu, həsrət əllər əllərdə isindi. 1990-cı ilin 31 dekabrı Naxçıvanda azərbaycançılıq bayramı kimi qeyd olundu.

Dekabrın 31-ni tarixi gün kimi yaşadan dünyəvi, bəşəri, dönməz amal oldu. Bu amal azərbaycançılıqdır, böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşkilatlandırdığı azərbaycançılığın həmrəyliyidir. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bundan doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31-nin Azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə sərəncam verdi. Bu tarix dünya azərbaycanlılarının hər il milli ruhun işığında qeyd etdikləri milli bayrama çevrildi; dekabrın 31-i 2000-ci ildən üzü bu yana hər il dünya azərbaycanlılarının həmrəylik günü kimi qeyd edilən tarixi gündür.

Ulu Öndərin dediyi bütün kəlamlar kimi bu kəlam da hər bir azərbaycanlının düşüncələrinə hopub: “Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.

Tariximiz qəhrəmanlıqlar tarixidir. Babək xilafətə qarşı mübarizə aparanda Bəzz qalasına Azərbaycanın hər yerindən, Azərbaycanın uzaqlardan da on minlərlə siyirmə qılınclı süvari gəlirdi, bu müstəqillik müharibəsinə qılınc səsi olmaq üçün Bəzz qalası Azərbaycanın döyüş ordugahı idi. Əli qılınc tutanlar Azərbaycanın tarixinin döyüşən əsgəri idi, hamısı Azərbaycanın dövlət kimi var olmasında həmrəy idi.

Ermənistan Azərbaycanın torpaqlarının bir hissəsini öz ərazisinə qatmaq istəyəndə, Topxanada ağacları qırıb allüminium zavodu tikmək istəyəndə, sərhəd kəndlərimizə hücumlar edəndə xalqın mübarizə əzmi, mübarizə ruhu coşdu. Bu birliyi ümumiləşdirən milli-azadlıq hərəkatı SSRİ hökumətini narahat etdiyinə görə Bakıya qoşun yeritdi. Mübarizədə həmrəy olan xalq silahlı qoşuna qarşı da silahsız mübarizədə həmrəy oldu. Bu həmrəylik SSRİ-nin süqutunu tezləşdirdi. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi, Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Bu da birliyin, həmfikir olmağın, həmrəyliyin təntənəsi idi.

Mən “Mən azərbaycanlıyam!” deyənlərin hamısını 31 Dekabr dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik edir, hər birinə can sağlığı, tükənməz sevinc, Azərbaycan naminə daha fədakar vətəndaşlıq arzulayıram.

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı