Tariximizin Heydər Əliyev dövrü Azərbaycanı ən yüksək zirvələrə qaldırdı – Aydın Hüseynov

“Şəxsiyyətlər tarix yaradır. Ancaq elə şəxsiyyətlər də var ki, onlar bütöv bir xalqın gələcək taleyini həll edir. Bəzən onların həyatından, taleyindən, fəaliyyətindən danışmaq üçün bütöv bir xalqın, ölkənin tarixini vərəqləmək, onu dərindən bilmək lazım gəlir. Xalqımız da hər zaman Azərbaycanın qurucusu, dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır, yarım əsrdən artıqdır ki, onun işıqlı yolu ilə addımlayır. Ulu Öndərimiz Azərbaycan xalqının müstəqillik mübarizəsində misilsiz xidmətlər göstərib. Sağlığında canlı əfsanəyə çevrilib, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanıb. Ümummilli Lider Heydər Əliyev xalqımızın və dövlətimizin taleyüklü problemlərini həll edən dövlət xadimi olmaqla yanaşı, həm də Azərbaycanın 54 illik bir tarixi dövrünü yaradan və yaşadan şəxsiyyətdir”.

Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, 14 iyul 1969-cu il Azərbaycanın özünə qayıdışı, dirçəlişi və inkişaf yolunun başlanğıcı kimi tarixə düşüb: “Heydər Əliyev məhz həmin tarixdən etibarən Azərbaycana yalnız rəhbərlik etməyib, O, eyni zamanda, qüdrətli dövlət xadimi, görkəmli siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də, həm də bütün dünyada tanıdıb, milli varlığımızın qorunub saxlanılmasında misilsiz xidmətlər göstərib. Həmin illərdə əldə olunan uğurlar və Azərbaycanın qazandığı şöhrət tariximizə qızıl hərflərlə yazılıb. Ona görə də 14 iyul tarixi xalqımızın taleyində milli dövlətçiliyimizin bərqərar olmasının başlanğıcı, azərbaycançılığın, tarix səhifəsində milli dövlətçiliyimizin əbədi mövcudiyyət günü kimi qəbul edilir. Heydər Əliyev olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayanıb, bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirib, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə həyata keçirib. Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun, siyasi həyatın son yarım əsrdən artıq bir dövrünü əhatə edən zaman kəsiyi müdrik dövlət xadimi, dərin zəkaya, fitri istedada, geniş dünyagörüşünə malik olan tarixi şəxsiyyətin – Heydər Əliyevin adı, əməli fəaliyyəti ilə, gerçəkləşdirdiyi konkret işlərlə bağlıdır. Ulu Öndərin həyata keçirdiyi ardıcıl və məqsədyönlü iqtisadi siyasət nəticəsində indiyədək SSRİ-nin aqrar ölkəsi kimi tanınan Azərbaycan inkişaf edərək elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrildi”.

A.Hüseynov qeyd edib ki, Ümummilli Lider öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb və uğurlu gələcǝyǝ aparan yolları müəyyən edib. Həmin səbəbdəndir ki, Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Ulu Öndərin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunub. Əlbəttə, müstəqilliyi əldə etmək üçün möhkəm təməlin, iqtisadi inkişafın olması əsas şərtdir. Ulu Öndər xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaratdı. O öz xidmətləri ilə hər bir azərbaycanlıya Vətən üçün, Azərbaycan üçün qurub-yaratmaq, yorulmadan xidmət etmək fəlsəfəsini aşılaya bildi. Minlərlə azərbaycanlı gənc Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına göndərildi. Bütün mənalı həyatını ölkəmizin tərəqqisinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən Ümummilli Liderimizin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad edilməsi idi. O, bunun üçün var qüvvəsi ilə çalışırdı. Doğma ocaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin problemlərinin həll olunması üçün bütün imkanları səfərbər etmişdi. Məhz son 20 ilin uğurlarının ümumiləşdirilmiş ifadəsi olaraq qeyd etməliyik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl daxili və xarici siyasət sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür, Azərbaycan dünya ölkələri sırasında tutduğu layiqli mövqeyini möhkəmləndirir. Azərbaycanın uğurlarının zirvəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz dayanır”.