TEXNOFEST əzəmətində Azərbaycan-Türkiyə müttəfiqliyi

Xatırladaq ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra iki qardaş ölkə arasında açılan ilk nəqliyyat və kommunikasiya əlaqəsi “Ümid” körpüsü olub.

Ulu öndər Heydər Əliyevin 1992-ci il martın 22-dən 24-dək Türkiyəyə səfəri çərçivəsində Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında əməkdaşlıq Protokolu imzalanıb, Naxçıvanla Türkiyə Respublikası arasında gediş-gəlişi təmin etmək məqsədilə Sədərək-Dilucu körpüsünün tikintisinə başlanılıb. Həmin il mayın 28-də iki ölkə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf rəmzi hesab olunan Sədərək-Dilucu körpüsü istifadəyə verilib. Körpünün açılışında Türkiyənin ozamankı Baş naziri Süleyman Dəmirəl və qardaş ölkənin digər yüksək səviyyəli hökumət nümayəndələri iştirak ediblər.

2021-ci il iyunun 15-də – Milli Qurtuluş Günündə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsini imzalamaqla tarixi Qars müqaviləsinə yeni nəfəs verdilər. Bu hadisədən ötən bir ilə yaxın zaman kəsiyini müttəfiqliyimizi möhkəmləndirən mühüm hadisələr baş verib. Ötən il oktyabrın 26-da Füzuli, bu il mayın 14-də isə Rize-Artvin Beynəlxalq Hava limanlarının Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə açılmasını Ulu Öndərimizdən əmanət olan milli ənənələrimizi zənginləşdirən tarixi hadisələr kimi dəyərləndirə bilərik.

Bu festival ölkələrimiz arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür. Bu, eyni zamanda, Azərbaycan və Türkiyənin gələcəyə birgə addımlamaq mesajıdır. Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamla təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədində müasir innovasiyalar məkanının qurulması məsələsi əksini tapıb. “TEKNOFEST” festivalının Azərbaycanda keçirilməsi innovasiya üfüqlərini daha da genişləndirir. Gənclərə özlərini sınamaq, xəyallarını gerçəkləşdirmək üçün yeni platforma, meydan təqdim edi

…Mayın 29-da “TEKNOFEST Azərbaycan” festivalının bağlanış mərasimində “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar məlumat verib ki, növbəti “TEKNOFEST” avqust ayında Türkiyənin Samsun şəhərində keçiriləcək. Qara dənizin sahil bölgələri hazırda Türkiyənin ən sürətlə inkişaf edən rayonlarıdır. Bu bölgədən “Ümid” körpüsünə uzanan əzəmətli yolun o biri başında isə hazırda Avrasiyanın ən mötəbər məkanlarında müzakirə olunan Zəngəzur dəhlizi dayanır. Zəngəzur dəhlizinin açılması isə tarixi Qarabağ Zəfərinin yaratdığı geosiyasi reallıqdır!

 

 

Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü

Hüseyinli Mübariz