Tovuza yüzlərlə kitab hədiyyə edildi

85

 

Tovuzda Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə millət vəkili Qənirə Paşayeva, Tovuz RİH başçısının müavini Təranə Bayramova,Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan, TRT Bakı ofisinin rəhbəri Əmrah Timuçin Yazıcı, rayonun ziyalıları, kitabxana rəhbərləri və işçiləri iştirak ediblər. Millət vəkili Qənirə Paşayeva bildirib ki, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyi Tovuza Türkiyə və Türk dünyasına aid yüzlərlə kitab hədiyyə edib və bu qiymətli kitabların içərisində ortaq tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız, həqiqətlərimiz, dahi şəxsiyyətlərimiz haqqında çoxlu sayda kitablar olmaqla yanaşı, Türk dünyasının məşhur şair və yazarlarının əsərləri, Türkiyə və Türk dünyasını tanıdan çoxlu sayda kitablar da hədiyyə olunub. 

 

Xalq.az xəbər verir ki, kitabı ən qiymətli hədiyyə adlandıran millət vəkili Qənirə Paşayeva, Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinə və onun rəhbəri Seyid Əhməd Arslan təşəkkür edərək bildirib ki, bu kitablar uşaqlarımız və gənclərimiz üçün çox gözəl hədiyyələrdir. Bu kitabların böyük bir hissəsinin ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Mərkəzin kitabxanasına, bir hissəsinin isə rayonun böyük məktəblərinin kitabxanalarına veriləcəyini deyən millət vəkili Qənirə Paşayeva ziyalıları, müəllimləri, kitabxanaçıları gəncləri bu kitabları oxumağa təşviq etməyə çağırıb. Bu kimi kitablara böyük ehtiyac olduğunu deyən millət vəkili Qənirə Paşayeva Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslana Tovuz rayonuna bundan sonra da bu cür kitabların hədiyyə edilməsinin vacibliyini və buna ehtiyac olduğunu vurğulayaraq Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyindən məktəblərimizin və kitabxanalarımızın çoxlu sayda yeni kitablar gözlədiyini deyib və ondan bu istiqamətdə gələcəkdə səylərinin artırılmasını xahiş edib. Kitabxana rəhbərlərinin və işçilərinin onunla söhbətində bu istiqamətdə təkliflərlə çıxış etdiyini deyən millət vəkili Qənirə Paşayeva bir millət iki dövlət olan Azərbaycan və Türkiyə gənclərinin bir-birinə sahiblənmə duyğuları ilə yetişməsi üçün ortaq tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi, böyük şəxsiyyətlərimizi yaxından tanıyıb bilməsinə böyük ehtiyac olduğunu deyib.

Millət vəkili Qənirə Paşayeva tədbirdə iştirak etmək üçün Tovuza gələn TRT Bakı ofisinin rəhbəri Əmrah Timuçin Yazıcı təşəkkürünü bildirərək, Azərbaycanın və onun ayrılmaz parçası olan Tovuzun TRT kanalları vasitəsilə həm Türk dünyasına, həm də dünya ictimaiyyətinə daha geniş tanıdılmasındakı fəaliyyətinə görə təşəkkürünü bildirib və onların bu tədbir də daxil olmaqla Tovuzla bağlı hazırlayacağı proqramların maraqlı olacağına inandığını deyib.

Qeyd edək ki, səfər çərçivəsində TRT Tovuz rayonundan canlı yayımla çıxış edib və bir sıra proqramlar hazırlayıb.

Sonda millət vəkili Q.Paşayevanın özünün müəllifi olduğu kitabları da Heydər Əliyev Mərkəzi Kitabxanasına hədiyyə edilib.

Tədbir çərçivəsində ziyalılarla maraqlı fikir mübadiləsi aparılıb.