TQDK imtahana düşə biləcək sualları dərc edib

24

 

TQDK test bankını toplular şəklində nəşr etməyə başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası test bankının həm açıq (istifadə olunmuş), həm də qapalı (istifadə olunmamış) hissəsini nəşr etməyə başlayıb. Artıq riyaziyyat və fizika fənləri üzrə bank testləri toplular şəklində istifadəyə verilib. Toplulara Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 1994-2013-cü illərdə keçirilən müxtəlif təyinatlı imtahanlarda – ali təhsil müəssisələrinə, tam və ümumi orta təhsil bazalarında orta ixtisas məktəblərinə və hərbi liseylərə qəbul imtahanlarında, sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqları, habelə “Abituriyent” jurnalının ayrı-ayrı saylarında dərc edilmiş model testlər daxildir.

Toplularda test tapşırıqlarının 25 faizi heç bir imtahanda istifadə olunmamış yeni növ test tapşırıqlarıdır. Toplular test bankında olan test tapşırıqlarının bütün modellərini əhatə edir, bu tapşırıqlar aktiv bankın bir hissəsidir və onların gələcəkdə imtahanlara düşməsi istisna olunmur.
Bank testlərindən həmçinin ümumtəhsil məktəblərinin buraxılış imtahanlarında test modelləri kimi istifadə ediləcək.

Vəsaitləri TQDK-nın binası qarşısındakı “Abituriyent” köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.