Türk dünyası çərçivəsində siyasi-iqtisadi, hərbi-texniki, mədəni-humanitar inteqrasiya proseslərini sürətlənir

1998-ci ildə BMT tərəfindən yaradılmış və fəaliyyətə başlamış SPECA proqramı – Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Proqram çərçivəsində BMT Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Əfqanıstan arasında iqtisadi əlaqələrin canlandırılmasına dəstək verilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin təşkilini həyata keçirir, mümkün əməkdaşlıq modellərini araşdırır və təşviq edir. Bu proqramda SPECA üzv ölkələrini əhatə edən region daxilində qarşılıqlı iqtisadi bağlantıların yaradılması üçün nəqliyyat-logistika və sərmayə yatırımları imkanlarının araşdırılması ilə bağlı müvafiq layihələrin işlənib hazırlanması və müzakirəyə çıxarılması, eyni zamanda, ölkələr arasında mədəni-humanitar əlaqələrin canlandırılması və regional inteqrasiya meyillərinin həvəsləndirilməsi nəzərdə tutulur. SPECA Proqramı 1998-2030-cu illəri əhatə edir. İqtisadi inteqrativ layihələrə yol açılması və bu proseslərin dəstəklənməsi baxımından Proqramın faydalılığı heç bir şübhə doğurmur.

XALQ.AZ xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Deputat qeyd edib: “Əlbəttə, bu dəstək yalnız texniki-metodik xarakter daşıyır, inteqrasiya proseslərini hərəkətə gətirə biləcək layihələrin maliyyələşdirilməsi və reallaşdırılması isə üzv dövlətlərin özləri tərəfindən həyata keçirilir. Buna baxmayaraq, inteqrasiya proseslərinin iqtisadi əsaslarının tədqiqi, iqtisadi dəyərləndirilməsi və perspektivlərin aşkarlanması baxımından SPECA olduqca faydalı bir layihədir. Prezident İlham Əliyevin Azərbaycanda keçirilən SPECA həftəsi çərçivəsində “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərginin açılışında iştirakı da ölkəmizin bu proqrama verdiyi əhəmiyyətin göstəricisidir. Prezident İlham Əliyevin açılışını etdiyi “Bizi birləşdirən dəyər” adlı instalyasiya SPECA ölkələrinin əməkdaşlıq əlaqələrini əks etdirir və bu mərasim sərginin açılışını simvolizə edir”.

SPECA-nın daha bir özəlliyinə toxunan deputat diqqətə çatdırıb ki, bu Proqram əsasən Türk geosiyasi regionunu əhatə edir və nəticə etibarilə həm də Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində başlatdığı inteqrasiya təşəbbüslərinə dəstək rolunu oynayır. Son dövrlər Türk dövlətlərinin başçılarının artan qarşılıqlı səfərləri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda inkişafını gücləndirir. Hər bir Türk dövlətinin milli maraqları, eləcə də bu regionun beynəlxalq arenada artmaqda olan nüfuzu ölkələrimizin sıx əməkdaşlığını zəruri və labüd edir. Bu baxımdan SPECA çərçivəsində əməkdaşlıq da regional miqyasda işbirliyinin inkişafı üçün münbit zəmin yaradır.

“Türkiyə və Azərbaycanla birlikdə vahid Türk geosiyasi regionunu təşkil edən Mərkəzi Asiya ölkələri Avrasiyanın coğrafi mərkəzində vahid Türk siyasi platformasının ərsəyə gətirilməsində mühüm rol oynayan aktorlardır. Mərkəzi Avrasiyanın Türk regionu özünün iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik vahid tarixi-mədəni və coğrafi regiondur. Son illərdə regionun Türk dövlətləri arasında intensivləşən siyasi-iqtisadi əlaqələr Türk dünyası çərçivəsində siyasi-iqtisadi, hərbi-texniki, mədəni-humanitar inteqrasiya proseslərini sürətləndirməkdədir. Bu proseslər bizi əsrlər boyu arzuladığımız, beynəlxalq siyasət müstəvisində vahid platforma təşkil edən böyük Türk birliyinə addım-addım yaxınlaşdırır. Bu birliyin məramı isə Türk geosiyasi regionunu Avrasiyanın siyasi- hərbi güc mərkəzlərindən birinə çevrilməsini təmin etməkdir”, – deyə C.Feyziyev vurğulayıb.