Türk dünyası haqq savaşımıza dəstək verəcək” – QAİ-nin sədr müavini

“Sadəcə Qərbi azərbaycanlılar üçün deyil, bütün azərbaycanlılar üçün şərəfli hissdir ki, 10 illər boyunca düşmən tapdağı altında qalmış torpaqlarımızın azad edilməsi istiqamətində fəaliyyət göstərən Qarabağ icmamızın yerləşdiyi binada cənab prezidentin bilavasitə iştirakı ilə tarixi görüş keçirildi. Bu bilavasitə Azərbaycanın xarici siyasət strategiyasında Qərbi Azərbaycanlıların tarixi torpaqlarımıza qayıda bilməsi ilə bağlı konkret yol xəritəsinin mövcud olduğunu bir daha dünyaya bəyan etdi”.

Xalq.az xəbər verir ki, bu  fikirləri Müsavat.com-a millət vəkili, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən bildirib.

O, qeyd edib ki, dünya azərbaycanlıları Ali Baş Komandanın komandanlığı altında Qarabağı azad etdisə, bu gün hər birimizin ürəyi Qərbi Azərbaycanla döyünməli, tarixi torpaqlarımızdan zorla sürgün edilmiş, didərgin salınmış biz azərbaycanlıların yenidən tarixi torpaqlarımıza qayıtması ilə bağlı cənab prezidentin başlatdığı bu siyasətə dəstək olmalıdırlar:

“Əminəm ki, hər kəs yenə də yumruq kimi birləşəcək, Qarabağı azad etdiyimiz kimi ortaq güc məfkurəmizi bütün beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində istifadə edərək uğur qazanmağa nail olacağıq. Cənab prezidentin bir qrup Qərbi azərbaycanlı ziyalı ilə görüşü, çıxışı atılan addımların yol xəritəsidir. Fəxarət hissi ilə qeyd edirəm ki, 1978- ci ildə Qərbi Zəngəzurda, Qafanda doğulmuş, uşaqlığının bir hissəsini orada keçirmiş azərbaycanlı kimi, Qərbi Azərbaycan İcmasının sədr müavini kimi tarixi məsuliyyəti dərk edərək cənab prezidentin ifadə etdiyi hər kəlməni özüm üçün yol xəritəsi, əmr, tapşırıq kimi qəbul edirəm. Əminəm ki, beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində Qərbi azərbaycanlıların hüquqlarının qorunması, hüquqlarının yenidən təsdiq edilməsi təmin ediləcək, Qərbi azərbaycanlılar tarixən Azərbaycana məxsus olmuş, zaman-zaman zorla qoparılaraq Ermənistana hədiyyə edilmiş torpaqlarımıza qayıdacaqlar. Bu düşüncəni əlimizdə bayraq etməli və bu istiqamətdə addımlarınızı atmalıyıq. Məlumdur ki, BMT-nin Qaçqınlar Konvensiyası mövcuddur. Bir çox beynəlxalq təşkilatların nəzdində qaçqınlarla işləyən missiyalar var. Qərbi Azərbaycandan qovulan hər bir azərbaycanlı beynəlxalq hüquq normalarına görə qaçqın hesab olunur. Qərbi Azərbaycanda doğulmuş, lakin doğma yurdundan didərgin salınmış, dünyanın dörd bir tərəfinə səpələnmiş azərbaycanlılar dədə-baba torpaqlarına qayıtmaq hüququna sahibdirlər”.

Millət vəkili əmindir ki, türk dünyası dövlətləri Azərbaycanın haqq səsinin dünya miqyasında eşidilməsinə dəstək verəcəklər:

“Həmrəylik, birlik və bərabərliklə haqq və hüquqlarımızı qazanacağıq. Əgər bütün dünya təxminən 150-200 il öncə Çar Rusiyasının İrandan, Osmanlı imperiyasından Qarabağa köçürdüyü ermənilərin hüquqları ilə bağlı bu qədər hay-küy salırsa, niyə sayı milyonu ötmüş azərbaycanlılar dədə-baba torpaqlarına qayıtmamalıdırlar?

Halbuki, Azərbaycan dövləti hər bir vətəndaşına sahib çıxmaqda qərarlıdır. Bir çox Qərb dövlətləri, Fransa erməninin haqqı üçün hay-küy salırsa, o zaman biz də qəti mövqeyimizi ortaya qoyacağıq. Qərbi azərbaycanlıların hüquqları bütün konvensiyalarda təsbit olunub. Milyondan çox azərbaycanlının doğma yurdlarına qayıtması, talan edilmiş mülklərin geri qaytarılması və dəymiş zərər üçün təzminatın ödənməsi ilə bağlı bütün beynəlxalq məhkəmələr vasitəsilə hüquqlarımızın təsbit olunması təmin edilməlidir. Qərbi azərbaycanlılar doğma yurdu dirçəldəcəklər. Yüz illər boyunca bütöv Azərbaycandan qoparılmış tarixi torpaqlarımız tarixi sahiblərinə qovuşacaq”.