Türk Keneşi 2022-ci ilə yeni adla və uğurlarla qədəm qoyacaq

Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Keneşi) növbəti Zirvə görüşü keçiriləcək. Bu görüşdə quruma sədrlik Azərbaycandan Türkiyəyə keçəcək. Eyni zamanda, məhz İstanbul Zirvə görüşündə Türkmənistanın təşkilata tamhüquqlu üzv olacağı gözlənilir. Bununla da 6 dövlət – Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan Türk Keneşinin tamhüquqlu üzvünə çevriləcək. Ən önəmli məqamlardan biri isə odur ki, təşkilatın adının da dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlanacağı gözlənilir. Bir sözlə, Türk Keneşinin İstanbul Zirvəsi bir çox məqamlarına görə, dünyanın diqqət mərkəzində olacaq.

Öz növbəsində növbəti Zirvədən gözləntilərin nə olduğu ilə bağlı sualı cavablandıran millət vəkili, 2014-2018-ci illərdə Türk Keneşinin Baş katibi olmuş Ramil Həsən Türk Keneşinin ötən müddətdə uğurlu fəaliyyəti ilə diqqət mərkəzində olduğunu deyib.

Onun sözlərinə görə, 2009-cu ildə Azərbaycanın və türk dünyasının qədim şəhəri olan Naxçıvanda təsis olunan, ötən müddətdə uğurlu fəaliyyət göstərən Türk Keneşi artıq yeni mərhələyə qədəm qoyub: “Türk Keneşi həmçinin formalaşma prosesini bitirərək, inkişaf prosesinə addımlayıb və ciddi, dövlətlərarası beynəlxalq təşkilat olaraq türk dünyasının inteqrasiyasının dərinləşməsində xüsusi rol oynamaqdadır. Bu təşkilatın növbəti Zirvə toplantısından da gözləntilər çoxdur. Bilirsiniz ki, uzun müddət davam edən müzakirələrdən və xoş niyyətli atılan addımlardan sonra qardaş Özbəkistan Azərbaycanda son dəfə keçirilmiş Türk Keneşinin Zirvə toplantısında bu quruma tamhüquqlu üzv qəbul edilib. Bununla da tamhüquqlu üzvlərin sayı 5-ə çatıb. Eyni zamanda, 2018-ci ildə, mənim baş katib olduğum dövrdəki son Zirvə toplantısında isə Macarıstan müşahidəçi statusu alaraq Türk Keneşinin tərkibinə daxil olub. Bununla da əslində, Avropa Birliyi və Türk Keneşi əməkdaşlığı ilə bağlı yeni bir potensial meydana çıxıb. Bu gün məhz Macarıstanın paytaxtı Budapeştdə Türk Keneşinin Avropa Birliyi ofisi fəaliyyət göstərməkdədir. Bu ofis beynəlxalq təşkilat olan Türk Keneşinin regional ofisi olaraq Avropada fəaliyyət göstərən bütün təşkilatlarla, o cümlədən Avropa Birliyi ilə Türk Keneşi arasında əlaqələri kordinə edən bir mexanizm kimi fəaliyyətini yüksək səviyyədə davam etdirməkdədir. Yeri gəlmişkən, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov da rəsmi olaraq Zirvədə qonaq statusu ilə iştirak edəcəyini bəyan edib. Ümumiyyətlə, Türk Keneşinin 12 noyabr tarixindəki Zirvə görüşündə bir çox strateji və gələcəyə hesablanmış məsələlərin müzakirəsi nəzərdə tutulur”.

R.Həsən əlavə edib ki, Türk Keneşi ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsinə, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsinə önəmli töhfələr verir: “Bildiyiniz kimi, sentyabrın 10-da Bakıda Türk Keneşinə üzv dövlətlərin iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçirilib. Həmin görüşdəki çıxışlarda türkdilli dövlətlərin bütün sahələrdə uğurla əməkdaşlıq etdiyi vurğulanıb. Həmçinin, milli və regional iqtisadiyyatın dəstəklənməsi istiqamətində tərəfdaşlığın və iqtisadi əlaqələrin daha da möhkəmləndirməsinin əhəmiyyəti qeyd edilib. Görüşdə Türk Keneşinə üzv ölkələr arasında ticarət və investisiya əlaqələrinə dair tədqiqat sənədinin, Azərbaycanın dəstəyi ilə “Türk Ticarət Evi”nin konsepsiyasının hazırlandığı, Türk Ticarət və Sənaye Palatasının fəaliyyətinin təşviqi, Türk İnvestisiya Fondunun yaradılması istiqamətində mühüm irəliləyişlər əldə olunduğu diqqətə çatdırılıb. Çıxışlarda təşkilata üzv dövlətlərin qarşılıqlı investisiya yatırımı üçün böyük imkanlarının olduğu və bu imkanlardan yararlanmağın, tranzit potensialını reallaşdırmağın xüsusi önəm kəsb etdiyi bildirilib. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov quruma üzv ölkələri Azərbaycanda yaradılan Ələt Azad İqtisadi Zonası, sənaye zonaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından faydalanmağa dəvət edib. Mən bu görüşün üzərində təsadüfən dayanmadım. Çünki məhz bu görüşdə quruma üzv ölkələrin dövlət başçılarının iştirakı ilə keçiriləcək Zirvə toplantısının iqtisadi gündəliyi, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, birgə iqtisadi layihələrin həyata keçirilməsinə dair imkanların araşdırılması barədə müzakirələr aparılıb. Bu məqamın özü də İstanbul Zirvəsinin gündəliyinin zəngin olacağını deməyə əsas verir”.

“Bir şeyi də qeyd edim ki, 30 mart tarixində türk dövlət başçılarının onlayn formada qeyri-rəsmi zirvə toplantısında qurumun adının daha da qısaldılaraq Türk Dövlətləri Təşkilatı, Türk Dövlətləri Şurası kimi adlandırılması ilə bağlı centlemen razılıq əldə edilib. Bunun rəsmiləşdirilməsi prosesi də yəqin ki, 12 noyabrda baş tutacaq. Bir sözlə, Türk Keneşi 2022-ci ilə yeni adla və uğurlarla qədəm qoyacaq”, – deyə R.Həsən əlavə edib.

Azərbaycanın bu Zirvədəki mövqeyi və görüşdən ölkəmiz üçün gözlənilən nəticələrə gəlincə müsahibimiz deyib:

“Cənab Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycanın Türk Keneşinə sədrlik etdiyi ötən iki il uğurlu olub. Bu müddətin yarıdan çoxu əsasən koronavirus pandemiyası dövrünə təsadüf etsə də, hətta bu dönəmdə belə üzv dövlətlər arasında iqtisadi və siyasi əməkdaşlığın güclənməsi yönündə əhəmiyyətli addımlar atılıb. Azərbaycanın təşəbbüsləri və səyləri Türk Keneşinə üzv olan ölkələr arasındakı münasibətlərin inkişafı üçün böyük önəmə malikdir. Türk Keneşinin fəaliyyətdə olan Sədri kimi cənab İlham Əliyev tərəfindən atılan mühüm addımlar nəticəsində Azərbaycanın sədrliyi dövründə mühüm uğurlar əldə edilib, təşkilatın bir sıra sahələr üzrə hökumət strukturları arasında işçi qrupları və nazirlər şurası yaradılıb. Bununla yanaşı, üzv dövlətlərin xarici işlər, iqtisadiyyat nazirləri arasında görüşlər keçirilib, əməkdaşlıqların genişləndirilməsi ilə bağlı qarşılıqlı müzakirələr baş tutub. Bəlli olduğu kimi, Türk Keneşi beynəlxalq – dövlətlərarası qurumdur və əslində, Avropa Birliyi modelinə bənzəyir. Artıq təşkilatda 16-ya yaxın hökumətlərarası işçi qrupu formalaşdırılıb. Azərbaycan konkret olaraq iki il ərzində dost, qardaş ölkələri bir araya gətirən bu beynəlxalq təşkilatın dünya miqyasında imicinin möhkəmlənməsi istiqamətində xeyli iş görüb. Türk Keneşi 2019-cu ildən etibarən üzvlərinin sayını da artırıb. Özbəkistan uzun illərdən sonra bilavasitə ölkəmizdə keçirilən zirvə toplantısında yenidən tamhüquqlu üzv kimi təşkilata qəbul edilib. Macarıstan isə tam müşahidəçi statusu alıb. Ötən iki il ərzində əldə olunan ən böyük nailiyyətlərdən biri də yuxarıda vurğuladığım kimi Türk Keneşinin Macarıstanın paytaxtı Budapeştdə Avropa Birliyi nəzdində beynəlxalq ofisinin fəaliyyətə başlamasıdır”.

R.Həsən Azərbaycanın bu Zirvədə müharibədə qələbə qazanmış, öz torpaqlarnı düşmən işğalından azad etmiş ölkə kimi iştirak edəcəyini deyib: “Əlbəttə ki, bu Zirvədə iştirakımız xüsusi önəm kəsb edir. Bu Zirvə postmüharibə dövründə qardaş türk dövlətləri ilə daha da dərindən əməkdaşlığımıza körpü salacaq. Türk dünyasının inteqrasiyasının yeni xətti işğaldan azad edilmiş Azərbaycan torpaqlarından keçir. Azərbaycanın qalib ölkə kimi qatılacağı İstanbul Zirvəsində Qərbi Zəngəzur koridoru əsas müzakirə mövzusu olacaq. Çünki bu koridor türk dünyasının da iqtisadi inkişafına xidmət edəcək.

Digər tərəfdən bildiyiniz kimi, işğaldan azad edilmiş ərazilərin bərpasında Türk Keneşinə üzv ölkələrin şirkətlərinin böyük marağı və bu şərəfli işdə Azərbaycanın yanında olmaq istəkləri var. Türk Keneşinin Baş katibi Bağdad Amreyev Bakıdakı çıxışında Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasının türkdilli dövlətlərin ümumi işi olduğunu və Qarabağın türk dünyasının inkişaf etmiş bölgələrindən birinə çevriləcəyini vurğulayıb. Bütün bunlar isə İstanbul Zirvəsində postmüharibə dövrü Azərbaycanı ilə bağlı məsələnin xüsusilə diqqət mərkəzində olacağını deməyə əsas verir”.