“Türkiyə demokratiya imtahanından üzüağ çıxdı” Millət vəkili

“Məlum olduğu kimi, Türkiyə hər zaman Azərbaycanın yanında olub və öz dəstəyini əsirgəməyib. Vətən müharibəsi dövründə də Türkiyə Azərbaycana öz qardaş yardımını göstərdi. Məhz Türkiyənin dəstəyi sayəsində dövlət başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan öz qələbəsini təmin etdi”.

Bu sözləri  açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu qələbədə Türkiyənin istehsal etdiyi silahlar, əvəzolunmaz dəstəyi və Azərbaycan xalqının qəhrəmanlığı böyük bir rol oynadı: “Bu baxımdan, bu gün Azərbaycan-Türkiyə əlaqələri inkişaf edir. Bu əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın çox mühüm xidmətləri var. Bu xidmətlər nəticəsində biz münasibətlərimizi daha da inkişaf etdiririk”. Deputat sözlərinə davam edərək bildirib ki, Türkiyə seçkilərində yalnız türk xalqı deyil, bütövlükdə müsəlman dünyası qələbə çaldı: “Türkiyəmiz bu demokratiya imtahanından üzüağ çıxmağı bacardı. Sübut olundu ki, bütün təxribatlara baxmayaraq Türkiyə hər zaman ayıq-sayıq olacaq və hədəflərinə çatmaq üçün gərəkli olan addımları atacaq. Bu gün Azərbaycan xalqı da Ərdoğanın yenidən prezident seçilməsinə sevinir və bunu bayram kimi qeyd edir. Əminik ki, iki qardaş dövlətin əlaqələri daha genişlənəcək və bu əlaqələrin inkişafı daha böyük imkanlar yaradacaq. Türk dünyası daha da güclənəcək”.