“Türkiyə Prezidentinin bu bəyanatı bütün dünyaya bir mesaj xarakteri daşıyır” – Deputat

Azərbaycan-Türkiyə əlaqələri hər keçən gün daha da inkişaf edir. Müasir dövrdə bunun da təməlində prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı dostluq və qardaşlıq dayanır. Ümumiyyətlə, Türkiyə-Azərbaycan qardaşlığı bütün tərəfləri ilə dünyaya bir nümunədir. Prezident Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə prezident seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etməsi isə bu qardaşlığın dönməzliyini bir daha təsdiqlədi.

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Vüqar İskəndərov qeyd edib ki, bu səfərin Şuşa Bəyannaməsinin imzalanmasının növbəti ildönümünə təsadüf etməsi də diqqətdən yayınmamalıdır: “Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcək”.

Deputat bildirib ki, Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında da bu məqama toxunub: “Türkiyə Prezidenti bəyan edib ki, Şuşa Bəyannaməsinin müddəalarını bundan sonra da uğurla həyata keçirməkdə qərarlıyıq və bu məsələdə güzəştə getməyəcəyik. Hesab edirəm ki, Türkiyə Prezidentinin bu bəyanatı bütün dünyaya bir mesaj xarakteri daşıyır”.