“Türkiyə vətəndaşı deyə bilər ki, Azərbaycanda qazın qiyməti aşağıdır, bizdə niyə yox?!” – Deputat

“Səhiyyə nazirinin müavini Rasim İsmayılovun gətirdiyi arqumetlərlə tam razı deyiləm. Həmişə demişəm ki, bizdə import əvəzləşdirmə siyasəti həyata keçirilir. Bu, həm farmakologiyaya, həm də qida məhsullarına, kənd təsərrüfatı və bir çox məhsullara aiddir. Nə vaxt ki həmin məhsulları, o cümlədən farmakoloji preparatları Azərbaycanda istehsal edəcəyik, onda qiymətlər də ucuz olacaq. Belə halda, təbii ki, dərmanların tərkibi də daha şəffaf olacaq. Biz niyə Türkiyəni misal gətiririk? Çünki Türkiyənin, təxminən, 85-90% dərmanları özündə istehsal olunur”.

Bu sözləri Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Deputat bildirib ki, Azərbaycanla Türkiyənin səhiyyə standartları çox yaxındır: “Bu məsələni həmişə qabardırıq ki, Türkiyə şirkətləri gəlib dərman bazarına baxsınlar, işlərini ona uyğun görsünlər. Türkiyədə 6-7 nəhəng böyük şirkət Türkiyəni bütün dərmanlarla təmin edir. Əlbəttə, kiçik şirkətlər də var. Onlar da gəlsinlər, Azərbaycanda öz fabriklərini tiksinlər, dərman istehsal etsinlər. Belə olan halda qiymətləri cilovlaya, tərkibinə də nəzarət edə bilərik. Düşünürəm, məsələnin izahı budur. İşi bu formada qurmaq lazımdır. Nazir müavininin bu məsələni təbii qaz, dizel qiymətləri fonunda müqayisələndirməsini qəbul edə bilmirəm. Türkiyədəki seçkilərə qədər dərmanlarla bağlı məsələ o qədər də işlənilmirdi. Cənab Ərdoğan Prezident yenidən seçildi. Artıq bilirik ki, sözügedən məsələləri tam axıra qədər çatdıracağıq”.

Qeyd: Səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib ki, bir çox hallarda Azərbaycandakı dərman qiymətlərini Türkiyə ilə müqayisə edirlər: “Amma baxsaq görərik ki, orada dərman vasitələrinin əksəriyyəti daxili istehsaldır. Necə ki bizdə təbii qaz, dizel Türkiyədən ucuzdur, eləcə də dərman vasitələrinin orada daha ucuz olması təbii qəbul olunmalıdır. Bu məntiqlə, Türkiyə vətəndaşı deyə bilər ki, Azərbaycanda qazın qiyməti aşağıdır, bizdə niyə yox?!”