“Türkiyədə seçkilərin nəticələri qlobal müstəvidə də ciddi siyasi hadisədir” – Deputat

“Mayın 28-ində Azərbaycan öz müstəqilliyinin 105 -ci ildönümünü qeyd etdi. 28 may xalqımız üçün daha bir hadisə ilə yadda qaldı. Cənab Tayyib Ərdoğan növbəti 5 il üçün yenidən Türkiyənin Respublikasının prezidenti seçildi. Bu 85 milyonluq Türkiyə xalqının qələbəsi idi və cənab Ərdoğanın dediyi kimi, bütün Türkiyə qazandı”.

Bu sözləri Milli Məclisin deputatı Tamam Cəfərova  deyib.

Deputat qeyd edib ki, bu qələbə ilə qazanan həm də Azərbaycan və Türk dünyası oldu:

“Birmənalıdır ki, Rəcəb Tayyib Ərdoğanın Prezident seçilməsi ilə qazanan yalnız Türkiyə olmadı. Bu qələbə ilə qazanan həm də Azərbaycan və Türk dünyası oldu. Təkcə regionda deyil, bütün dünyada mühüm siyasi və iqtisadi aktora çevrilən Türkiyədə seçkilərin nəticələri qlobal müstəvidə də ciddi siyasi hadisədir: Gərgin siyasi rəqabətə və dünyanın bir sıra güc mərkəzlərinin bütün əngəllərinə baxmayaraq, Rəcəb Tayyib Ərdoğanın yenidən Prezident seçiləcəyi proqnozlaşdırılan idi. Son iyirmi il ərzində qardaş Türkiyə Respublikası Rəcəb Tayyib Ərdoğanın sayəsində böyük və şərəfli inkişaf yolu keçərək beynəlxalq aləmdə proseslərə həlledici təsir göstərən güc mərkəzinə çevrilmiş, söz sahibi olmuş, siyasi, iqtisadi, sənaye, hərbi, yeni texnologiyalar və digər sahələrdə mühüm nailiyyətlər əldə etmişdir. Türkiyə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük uğurlar əldə edərək, beynəlxalq münasibətlər sistemində ciddi mövqeyə sahib olmuşdur. Şübhəsiz ki, əldə edilmiş bu və digər ciddi uğurlar Türkiyə vətəndaşlarının seçkidə Ərdoğanı dəstəkləməsinə təsir edən əsas amillər oldu”.

Tamam Cəfərova vurğulayıb ki, türk xalqı öz lideri ətrafında qlobal niyyətlərin, layihələrin, məqsədlərin reallaşması istiqamətində bir yumruq kimi birləşib çox böyük nəticələrə imza atacaq:

“Bütün bunlardan sonra qənaətə gəlmək olar ki, növbəti beş il ərzində Türkiyə öz inkşafının daha böyük səviyyəsini yaşayacaq, dünyada mövqeləri daha da möhkəmlənəcək, hərbi-sənaye kompleksi və mülki sənayesi daha da inkişaf edəcək, əhalisinin sosial rifahı daha da güclənəcək. Türk xalqı öz lideri ətrafında qlobal niyyətlərin, layihələrin, məqsədlərin reallaşması istiqamətində bir yumruq kimi birləşib çox böyük nəticələrə imza atacaq. Türkiyədə keçirilən Prezident seçkilərini xalqımız da böyük diqqət və maraqla izləyirdi. Tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Sarsılmaz dostluq və qardaşlığımız, qarşılıqlı faydalı əməkdaşlığımız, birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillər olmaqla yanaşı, eyni zamanda regional əməkdaşlığın, təhlükəsizliyin və sabitliyin onurğa sütununu təşkil edir.Xalqlarımızın zamanın sınaqlarından şərəflə çıxmış dostluğu və qardaşlığı, Azərbaycan-Türkiyə birliyi və müttəfiqliyi “Bir millət iki dövlət” və “Bir yumruq” fəlsəfələrinin ruhuna uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə davam edəcək və daha da möhkəmlənəcəkdir.
İki qardaş ölkə arasındakı bu münasibətlər tarixin bir çox ağır və məsuliyyətli sınaqlarından üzüağ çıxıb. Ərdoğanın liderlik etdiyi Türkiyənin 44 günlük Vətən müharibəsində Azərbaycana böyük siyasi və mənəvi dəstəyi bu gün də xalqımız tərəfindən böyük ehtiramla qarşılanır. Azərbaycan Prezidenti İlham Əliyevlə Ərdoğanın yüksək səviyyəli dostluq münasibətləri iki qardaş ölkə arasındakı əlaqələrə böyük töhfələr verir.
Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən siyasi liderin Azərbaycan Prezidenti İlham Əliyevin olması və Ərdoğanın bunu xalqa müraciətində böyük fərəhlə açıqlaması ölkələrimiz arasındakı münasibətlərin hansı səviyyədə olmasının parlaq bir nümunəsidir. Hələ seçkinin yekun nəticələri açıqlanmadan dövlətimizin başçısı qardaş ölkənin Prezidentini təbrik etməklə yanaşı, Azərbaycana dəvət edib. Ərdoğanın Prezident seçildikdən sonra ilk xarici səfərini Azərbaycana etməsi artıq bir dövlət ənənəsi halına gəlib. Hesab edirəm ki, Ərdoğanın növbəti dəfə Prezident seçilməsi ilə başlayan “Türkiyə əsri”ndə Azərbaycan-Türkiyə münasibətləri də keyfiyyətcə yeni və daha da məsuliyyətli bir mərhələyə qədəm qoyacaq. Bu dostluq və qardaşlıq əlaqələri əbədi olaraq hər iki ölkənin inkişafına böyük töhfə verəcək”.