“Türkiyəyə 5 günlük səfərim olacaq…” – Deputatlardan tətil sorğusuna cavablar

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası iyulun 14-də keçiriləcək. Bundan sonra isə deputatlar tətilə çıxacaq. Parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar. Məzuniyyət zamanı deputatlara müalicə olunması və istirahət etməsi üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir. Bəs deputatlar bu yay istirahətini harada və necə keçirməyi düşünürlər?

Millət vəkili Vüqar Bayramov: “Adətən tətillə bağlı xüsusi planım olmur. Nəzərə alsaq ki, həm də tədqiqatla məşğulam. Tətil müddətində də tədqiqatlarıma davam edəcəyəm. Türkiyəyə 5 günlük səfərim olacaq. Rayonlara getməyi də planlaşdırıram. Əksər vaxtlarda Bakıda olacağam”.

Deputat Arzu Nağıyev: “Tətil keçirməklə bağlı elə də ciddi planım yoxdur. Yəqin ki, Tovuz, Gədəbəy və Bakıda olacağam. Hələlik planım budur”.

Millət vəkili Rüfət Quliyev: “Ölkə xaricinə getməyi planlaşdırmıram. Tətilimin yarısını bağda, digər yarısını isə Lənkəranda keçirəcəyəm. İstəyirəm ki, bir həftə orada olum. Keçən məzuniyyətimdə kənd camaatı ilə çayxanada oturub söhbət etmək mənə çox xoş oldu. Hətta yadımdadır ki, bəzi küçələrdə işıqforlar işləmirdi. Elə problemi yerindəcə həll etdim. Ümumiyyətlə, insanlarla söhbət edib, onlarla çay içməkdən böyük həzz alıram. Tətildə məqalə yazmağı, kitab oxumağı, film izləməyi düşünürəm”.

Deputat Fatma Yıldırım: “Tətilimi ailəmlə Azərbaycanın gözəl guşələrində keçirəcəyəm”.

Millət vəkili Hikmət Babaoğlu: “Məhsuldar işləmək üçün mütləq istirahət lazımdır. Nəhayət millət vəkilləri üçün də istirahət etmək zamanı gəldi. Çox vaxt istirahətimi Azərbaycanda keçirməyə üstünlük vermişəm. İşğaldan azad edilmiş ərazilərə səfər etmək niyyətindəyəm. Əgər müvafiq qurumlardan icazə ala bilsəm Kəlbəcər və Laçına getmək istəyirəm. Özüm dəniz səviyyəsindən 2300 metr yüksəklikdə doğulduğum üçün istirahətimi də dağlıq ərazilərimizdə etməyi planlayıram”.

Deputat Fazil Mustafa: “Ümumiyyətlə, istirahət barədə düşünmürəm. Birinci növbədə müalicə və reabilitasiyam davam edir. Tətildən istifadə edib, sağlamlıq problemlərimi həll etməyi düşünürəm. Bölgələrə və xaricə getmək kimi niyyətim yoxdur”.

Millət vəkili Fəzail Ağamalı: “Başqa ölkəyə getmək niyyətində deyiləm. Əsas Bakıda olmağı planlaşdırıram. İmkan daxilində sərin bölgələrimizə üz tutacağam. Qış və yay tətillərində Türkiyəyə müayinə olmaq üçün gedirəm. Bu il də müayinə üçün qardaş ölkəyə gedəcəyəm”.

Deputat Naqif Həmzəyev: “Azərbaycanın çox gözəl guşələri və turizm bölgələri var. Bu baxımdan da yay tətilində ailəmlə birgə Gəncə şəhəri və ətrafında yerləşən istirahət məkanlarında olacağam. Bu il cənub bölgələrində də istirahət etməyi planlayıram. Ümid edirəm ki, çox qısa zamanda tətilimizi Qarabağ və Şərqi Zəngəzurda keçirəcəyik. Xarici səfərlər üçün bilet qiymətləri çox bahadır. Buna görə də, daxili istirahət mərkəzlərində dincəlməyi düşünürəm”.

Millət vəkili Kamilə Əliyeva: “Hər il olduğu kimi bu il də ailəmlə istirahəti öz ölkəmdə keçirəcəyəm. Seçildiyim Zaqatala və Balakən rayonlarında olacağam. Həm istirahət edəcəyəm, həm də seçicilərimlə görüşəcəyəm. Məzuniyyətimin qalan vaxtını isə olmadığım bölgələrə səfər edəcəyəm”.

Deputat Elman Nəsirov: “Ən stabil ölkə Azərbaycan olduğu üçün istirahətimi burada keçirəcəyəm. Nəzərdə tutmuşam ki, Qusar və Şəkidə olum”.

Millət vəkili Vüqar İsgəndərov: “Ötən illərdə avqust ayında media, seçicilər və ictimayətlə əlaqədə olmuşam. Bir çox məsələlərin aktivliyini qoruyub saxlamağa çalışmışam. Bu yay da formada davam etməyi düşünürəm. Ölkə xaricinə getmək kimi planım yoxdur. Doğulduğum və seçildiyim Şəki şəhəri turizm bölgəsidir. Fikrim də öz təmsil etdiyim şəhərdə ailəmlə dincəlməkdir”.

Deputat Məlahət İbrahimqızı: “Tətilimi necə keçirəcəyimi hələ planlaşdırmamışam”.

Millət vəkili Zahid Oruc: “Tətil dövründə Bakıda olacağam. Əgər bağda dincəlmək fürsəti qazansaq, sevinəcəyik. Əlahiddə planımız yoxdur”.