TÜRKPA-nın komissiyasının onlayn iclası keçirildi

Bu gün  TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının  “COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması” mövzusunda iclası onlayn videokonfrans formatında keçirilib.

XALQ.AZ xəbər verir ki, onlayn iclas “COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması” və “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında model qanun layihəsinin müzakirəsi” üzrə iki sessiyadan ibarət olub.

İclasın  açılış mərasimində çıxış edən TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının sədri və  Milli Məclisin Səhiyyə komitəsinin sədri,  akademik Əhliman Əmiraslanov ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik etmiş və bu tarixi günün Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Sonra  Əhliman Əmiraslanov  sərhəd tanımayaraq qısa zaman ərzində bütün dünyaya yayılan COVID-19 pandemiyası, onun yaratdığı fəsadlar və mübarizə tədbirləri haqqında məlumat verib.

İlk sessiyaya Komissiyanın sədri Əhliman Əmiraslanov sədrlik edib.  Sessiya zamanı üzv ölkələrdən olan ekspertlər təqdimatlar etmiş, həmçinin, COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması ilə bağlı üzv ölkələrimizdə həyata keçirilən tədbirlər müzakirə edilib. İştirakçılar məsələ ilə bağlı milli qanunvericilik və beynəlxalq əməkdaşlıq mexanizmləri barədə fikir mübadiləsi aparıb.

İkinci sessiyaya Komissiyanın katibi Emin Həsənov moderatorluq edib. İkinci sessiya zamanı üzv ölkələrdən olan ekspertlər qanunvericiliyin uyğunlaşdırılması və enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında model qanunun hazırlanması üzrə məsələləri müzakirə ediblər.

Videokonfransda  üzv parlamentlərdən olan millət vəkilləri ilə yanaşı, üzv ölkələrinin müvafiq nazirlik və qurumlarından, həmçinin beynəlxalq təşkilatlardan olan ekspertlər də iştirak edib.