Ukrayna məhkəməsi rus hərbçiyə ömürlük həbs cəzası verdi – FOTOLAR

Ukrayna məhkəməsi silahsız mülki vətəndaşı öldürməkdə təqsirli bilinən rus hərbçisini ömürlük həbs cəzasına məhkum edib.

Xalq.az  Ukrayna mətbuatına istinadla xəbər verir ki, 21 yaşlı rusiyalı tank komandiri Vadim Şişimarin fevralın 28-də Ukraynanın şimal-şərqindəki Çupaxivka kəndində 62 yaşlı ukrayna vətəndaşı Aleksandr Şelipovu qətlə yetirdiyini etiraf edib.

Hakim Serhiy Aqafonovun sədrliyi ilə keçirilən məhkəmədə Şişimarin yüksək rütbəli komandirin əmri ilə Ukrayna vətəndaşının başına avtomat silahdan dəfələrlə atəş açaraq “cinayət əmrini” yerinə yetirdiyini bildirib.

Hakim prosesin nəticəsini belə izah edib: “Məhkəmənin hökmünə əsasən, Şişimarin Vadim Evgenyeviç təqsirli bilinir və ömürlük həbs cəzasına məhkum edilir”.
Qeyd edək ki, Kreml rəhbərliyi hələlik məhkəmənin qərarını şərh etməyib.