Ukrayna müxalifəti məğlub oldu

Ukraina

Ukraynanın paytaxtı Kiyevdə 3 aya yaxındır şəhər administrasiyasının binasını zəbt edən anti-hökumət etirazçıları bu səhər binanı tərk ediblər. Binanın yenidən Kiyev meriyasına təhvil verilməsi Ukrayna prezidenti Viktor Yanukoviçin imzaladığı əfv fərmanının bir hissəsi olaraq baş tutub. Ukrayna müxalifətinin liderləri bildiriblər ki, nümayişçilərə qarşı irəli sürülmüş bütün ittihamların geri götürüləcəyi təqdirdə, etirazçılar tutduqları bütün hökumət binalarını tərk etməyə hazırdırlar.
Etirazçıların əksəriyyəti isə bu addımı atmalarını məğlubiyyət kimi qəbul edirlər. «Biz inqilabda məğlub olduq. Kiyev şəhər administrasiyasının binasını tərk etdiyimizə görə məğlub olmuş sayılırıq.» – deyə, etirazçılardan biri bildirib.

Kiyev şəhər administrasiyası binasının təhvil verilməsi prosesi Ukraynadakı İsveçrə səfiri Kristian Şöenenberqerin vasitəçiliyi ilə baş tutub. Müxalifətçilər tərəfindən razılaşmanı «Svoboda» partiyasının mətbuat katibi Ruslan Andriyko, şəhər administrasiyasından isə mer Vladimir Makeenko imzalayıb.

«Təhvil vermə 16 fevral tarixində, saat 10:20-də baş tutdu. Beynəlxlaq müşahidəçilərdən İsveçrə səfirliyini və ATƏT-i təmsil edən Kristian Şöenenberqer iştirak edirdi. Mən də Kiyev şəhər administrasiyasının adından imza atdım.» – deyə, Kiyev meri Vladimir Makeenko bildirib.

Xatırladaq ki, Kiyevdə və Ukraynanın daha bir neçə şəhərində anti-hökumət nümayişləri ötən ilin noyabrında başlayıb. Müxalifət tərəfdarları Viktor Yanukoviçin Avropa Birliyi ilə assosiativ sazişi imzalamaq əvəzinə, Gömrük İttifaqına qoşulmaq niyyətinə qarşı etiraz edirlər.